“Keşlə”nin futbolçusu Tural Axundov Sportal.az saytına müsahibə verib. Premyer Liqada 4 tur sonra komandası 4 məğlubiyyətlə sonuncu pillədə qərarlaşan Tural uğursuzluq haqda danışıb. O, son turda uduzduqları (0:3) "Neftçi" matçı barədə də fikirlərini bildirib:
- Komandanın "Neftçi" məğlubiyyəti haqda nə deyəcəksən?
- “Neftçi” ilə matça yaxşı başlamışdıq. Oyunu yaxşı təhlil etmişdik. Sadəcə buraxılan 1-ci qoldan sonra komandada ruh düşkünlüyü oldu. Ona görə də uduzduq. Buna qədər isə 2 qol epizodunu boşa verdik. Halbuki həmin epizodlardan yararlansaydıq nəticə başqa cür də ola bilərdi.
- Qol buraxdıqdan sonra nəyə görə komanda özünə gələ bilmir?
- Mən elə düşünmürəm. Epizodlarımız da oldu, sadəcə yararlana bilmədik. Dediyim kimi epizodlarımız qolla nəticələnsəydi, başqa cür olardı. Heyf ki, belə alındı.
- Son turdakı məğlubiyyətdən də sonra komanda mövsümdə ardıcıl 4-cü məğlubiyyətini almış oldu. Bu məğlubiyyət necə təsir edəcək komandaya?
- Biz işimizi görürük. Sənan müəllim hansı tapşırığı verirsə, onu da yerinə yetiririk. Əlbəttə ki, məğlubiyyət bizi üzür. Heç kim istəməz ki, uduzsun.
- Sənan Qurbanovun bəzi futbolçuları günahlandırması barədə fikrin necədi? Həqiqətən komandada bəzi futbolçular tapşırığı yerinə yetirmir?
- Bəzi futbolçular bilmirəm kimdi. Hər şey göz qabağındadı. Sənan müəllim dediyi kimi əgər o futbolçular dərk etmirsə, öz üzərində işləməlidi. Ki, yerini möhkəm tutsun, çox çalışmalıdı.
- "Keşlə"nin yeni mövsümdəki bütün matçları uduzması barədə nə deyəcəksən?
- Həmin oyunların hamısına baxsanız, bəlkə də biz bu dəqiqə 1-ci yerdəydik. Sadəcə bilmirəm, top qapıdan keçmir. Əziyyət çəkirik. Psixologiyamız yerində deyil, bunu düzəltməliyik. Sonra hər şey yaxşı olacaq.
- Bu həftə rəqibiniz "Qarabağ"dı. İlk xalınızı bu oyunda qazanmağınız inandırıcıdı?
- Əvvəlki oyunlara necə çıxmışıqsa, bu oyuna ən maksimum gücdə çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə olsun. “Qarabağ”ın necə komanda olduğunu hamı bilir.