“Qarabağ”ın keçmiş veteranı Səttar Əliyev Sportal.az saytına müsahibə verib. Ağdam klubunun sabiq kapitanı komandanın avrokuboklardakı çıxışını dəyərləndirib:
- “Qarabağ”ın Konfrans Liqasında “Kayrat”a 2:1 hesabı ilə qalib gəlməsini necə şərh edərdiniz? Sizcə, ümumi oyun “Qarabağ”ın istədiyi kimi alındı?
- “Kayrat” ilk yarıda müdafiədə sıx idi. “Qarabağ” öz növbəsində qol vurmaq istəyirdi. Sadəcə rəqib penaltidən yararlandıqdan sonra, həyəcan daha da artdı. Amma inanırdım və güvənirdim ki, Qurban Qurbanovun komandası “Kayrat”a boyun əyməyəcək. O qədər inanırdım ki, matçdan əvvəl 2:1, 3:1 proqnozunu vermişdim. Belə də oldu. 2-ci yarıda “Qarabağ” istədiyi, məzmunlu oyunu göstərdi. Komanda sonuncu dəqiqəyə qədər hücum edib qol vurursa, bu, gücdən xəbər verir. Ki, “Qarabağ” yaxşı köklənmişdi, güclü hazırlaşmışdı.
- Ağdamlıların ilk yarıda göstərdiyi oyundan sonra heç düşünürdünüz ki, komanda qalib gələ bilməyəcək?
- Futboldu, bilmək olmur, hansı dəqiqədə hansı epizod olacaq. “Kayrat” da Qazaxıstanın köklü komandasıdı, “Neftçi” kimi Sovetlər birliyindən qalmış addı. Həmişə Qazaxıstanda da öz dəst-xətti var. Amma “Qarabağ” hazırda Azərbaycan futbolunun üzünü ağ edən komandadı. “Qarabağ” öz sözünü deyib, onları sevənlər çoxdu. Həmin azarkeşlərə ki, sevinc bəxş etdilər, Qurban Qurbanov, rəhbərlik və futbolçulara təşəkkür edirik. İlk yarıda istədiyimiz kimi oyun alınmasa da, əmin idim ki, sonda “Qarabağ” qalib gələcək.
- Maraqlıdı ki, hər 2 qolu da tez-tez tənqid olunan Ramil Şeydayevlə Abbas Hüseynov vurdu. Bu haqda hansı fikirdəsiz?
- Mən elə fikirləşməzdim. Ramil Şeydayev digər hücumçulara baxanda gəncdi, təcrübəsi digər oyunçular qədər olmasa da əlinə düşən imkanlardan istifadə edəndi. Ramilə inanırıq, perspektivli, gələcəyi var. Qurban Qurbanov onu komandaya dəvət edibsə, demək ki, perspektiv görüb dəvət edib. Allah qoysa, qolları ilə komandaya xallar qazandarar, “Qarabağ” sevərlərdə öz sevgisini daha da artırar. Abbas Hüseynov öz sözünü deyəndi cinahda, həmişə meydanda əzmkar, sona qədər oynayandı. Ramillə Abbasın qol vurması sevindiricidi. Ümid edirəm ki, qələbələrin davamı gələr, Ramilin qolları da komandaya xallar qazandırar.
- Qurban Qurbanovun komandası səfərdə “Kayrat”ı məğlub edə biləcək, yoxsa Almatıda daha çətin olacaq?
- “Qarabağ” səfərdə daha inamlı oyun oynayır. Kiprdə “Omoniya”ya qarşı matçda da özünü göstərdi. Ümumiyyətlə, “Qarabağ” avrokuboklarda evdə olsun, səfərdə olsun gözəl, dəst-xəttiylə, sistemini dəyişmədən məzmunlu oynayır. “Qarabağ” səfərdə də öz oyununu oynadısa, istəyir Almatı olsun, istəyir Bazel, fərqi yoxdu. İnanıram ki, “Kayrat”la səfərdə ən azından heç-heçə edəcək, uduzmayacaq Qazaxıstanda.
- “Qarabağ”ın qrup 1-cisi olub-olmayacağı sizcə, hansı matçdan sonra bəlli olacaq?
- “Bazel”lə səfərdəki oyundan sonra 1-ci və 2-cinin adı bilinəcək. Ancaq çox istəyirəm ki, “Qarabağ” qrupu 1-ci pillədə başa vursun. Allah qoysa, komanda evdəki "Omoniya” matçını da qalib başa vursun, 2 səfər matçında isə gözəl oyunu, taktikası ilə heç birini uduzmayacaq. Ən pis halda 2-ci olacaq "Qarabağ". Amma çox arzulayıram ki, komanda 1-ci pillədə olsun. İnanıram ki, belə də olacaq.