“Qarabağ”ın sabiq futbolçusu Donald Gerye Sportal.az saytına müsahibə verib.
Hazırda Polşanın aşağı liqa klubu olan "Veçitsa"da çıxış edən haitili müsahibəsində Ağdam klubundakı çıxışını xatırlayıb.
- “Apollon”dan ayrıldıqdan sonra Polşanın aşağı liqa klubuna yollandın. Nəyə görə belə qərar verdin?
- “Apollon”la müqaviləm var idi. Sadəcə onlar mənə bir neçə ay ödəmə etmədi. Mən də oradan ayrılmaq qərarına gəldim. Burada kira ödəmirəm, öz evim var, ailəm də buradadı. Bilirsiniz, həyat yoldaşım da buradandı. Özüm üçün burada qalıb dekabra qədər gözləmək daha uyğundur.
- Polşaya getməmişdən əvvəl Azərbaycandan təklif almışdın?
- Bəli, Azərbaycandan mənə zəng gəlmişdi. Sadəcə mən onlara dedim ki, Azərbaycana gəlsəm “Qarabağ”dan ötrü gələrəm.
- “Qarabağ”ın oyunlarını izləyirsən?
- “Qarabağ”ın bütün oyunlarına baxıram. Bəzi oyunçularla danışıram. Maksim Medvedev, Riçard Almeyda, Kevin Medina ilə daim söhbətləşirik. Onların uğurlarına sevinirəm.
- Gələcək illərdə necə, Azərbaycana qayıtmaq ehtimalın olsa, hansı qərarı verəcəksən?
- Əlbəttə ki, Azərbaycana qayıdaram. Amma bayaq dediyim ki, agent mənimlə əlaqə saxlayıb Azərbaycana gəlməyimi istədiyini deyəndə, ona cavab verdim ki, “Qarabağ”a və ya “Zirə”yə görə gələrəm. .
- “Apollon”la müqavilə imzalamamışdan əvvəl, “Qarabağ”da qalmaq niyyətin var idi?
- Təbii ki, “Qarabağ”da qalmaq istəyirdim. Qurban Qurbanov çox yüksək xarakterə, biliyə sahib insandı. Karyeramın ən yaxşı dönəminin “Qarabağ”da olduğunu düşünürəm. Bu da Qurban Qurbanova görə idi. O, doğurdan da oyunçunu möhtəşəm anlayır, futbolçunun inkişaf etməsində böyük rol oynayır. Daim mənə dəstək olub, öz köməkliyini göstərib. Futbolçuda intizamı çox sevir.
- Qurban Qurbanovla münasibətin indi necədi?
- Bilirsiz, Qurban Qurbanov mənim üçün ata kimi idi. Çünki bəzən nəsə problemim olanda o, mənə kömək edirdi. Asif Əsgərov, Əmrah Çəlikəl və "Qarabağ"da hamı mənə qarşı yaxşı olub. Həyatda hər şey baş verir. Mən daha da peşəkar davranmalıyam. Ola bilər ki, onda daha peşəkar davranmalıydım. Mən özümə inanmalıydım, ancaq dediyim kimi insanlar səhv edir. Qurban Qurbanova, Rəşad Sadıqova təşəkkür edirəm. Mənə daha çox yüksəlməyimə, inkişaf etməyimə kömək etdilər. “Qarabağ” mənim üçün çox şey etdi. Ona görə də agent mənimlə əlaqə saxlayıb, Bakıya gəlməyimə istədiyini deyəndə, ona 1 söz dedim: “Qarabağ” üçün gələrəm. “Neftçi”də oynamışam, amma “Qarabağ”da oynamaq üçün bunu etmişdim. Elə də oldu. Bakıya gəlsəm “Qarabağ”a keçərəm. Hamı ən yaxşı komandada oynamaq istəyər. Həmişə deyirdim ki, əgər təklif “Qarabağ”dandırsa gəlim, yox, o zaman bilmirəm.