Azərbaycan milli komandasının sabiq futbolçusu, "Cəbrayıl"ın təsisçisi və prezidenti Cavid Hüseynov doğma rayonuna yollanıb.
Sportal.az saytına müsahibə verən futbolçu komandasının gələcək planlarından söz açıb.
- Deyəsən, bu yaxınlarda Cəbrayıl rayonuna səfər etmisən...
- Bəli, doğrudu. Cəbrayıla ilk dəfə idi ki, gedirdim. Gedişimin səbəbi yalnız ziyarət idi. Doğulduğum torpağa 30 ildən sonra ilk dəfə ayaq basırdım.
- Cəbrayılda stadion inşa etdirilir? Nə vaxta hazır olar?
- Stadion məsələsi hələ, növbəti mərhələlərdə olacaq. Dəqiq deyə bilmərik. Amma könül istəyərdi ki, ən qısa zamanda stadionumuz təhvil verilsin, komandamızda Cəbrayıla köçsün. Öz oyunlarımızı doğma stadionda qəbul etmək istəyirik. Bu barədə dəqiq bir şey deyə bilmərəm. Yaxın 1-2 ilə təhvil verilər.
- Yəqin ki, məqsəd komandanı Cəbrayıla aparmaqdı, ya Bakıda məskunlaşmaq istəyirsiz?
- Əslində, Cəbrayıla köçmək istəyirik, Bakıda məskunlaşmaq istəmirik. Sadəcə hazırki vəziyyətə görə Bakıda məskunlaşmışıq. Komandanı tam hazır edək, stadionumuz da Cəbrayılda tam hazır olan kimi niyyətimiz ora keçməkdi.
- Klub prezidenti kimi futbolda ilk sınağın idi. Sənin üçün çətin gəlmədiki?
- Klubun təsisçisi, prezidenti kimi bütün prosesləri tək öz çiynimə aldım. Bütün işlərin arxasınca özüm getdim. Sənəd məsələləri, federasiya və İcra Hakimiyyətilə görüş, hamısını özüm etdim. Əməlli-başlı əziyyət çəkməli oldum. Buna yalnız sevinirəm. Bundan sonra çətinliyimiz qalmadı.
- "Cəbrayıl"ın Premyer Liqaya kimi yüksəlmək perspektivi var?
- Ümid edək ki, yaxın gələcəkdə bunlar olacaq. Bəli, perspektivimiz var. Premyer Liqanı düşünməsəydik, komandanı qurmazdıq. Məqsədimiz gələcəkdə Cəbrayılımızın yüksək liqada çıxış etməsidi.