Elşən Abdullayev: "Karyeramda yenidən yüksəlişə keçəcəyimə inanıram"

13:14 - 6 Dekabr 2021

"Səbail"in futbolçusu Elşən Abdullayev Sportal.az saytına açıqlama verib.

Premyer Liqanın 13-cü turu çərçivəsində keçirilən "Keşlə" matçına sonradan meydana daxil olan Abdullayev komandasının çıxışını dəyərləndirib. Bununla yanaşı özünün də karyerasında yüksəlişə keçməsi üçün çalışdığını bildirib: "Komandamız ilk hissədə zəif təsir bağışladı, yaxşı başlamadıq oyuna. Şanssızlıq da oldu, penalti, daha sonra 2-ci hissə başlayan kimi qapımızda qol gördük. Amma xarakter göstərdik. Bu da komandaya inam və özgüvən verəcək.Son oyunlarda uduzurduq deyə, inam azalmışdı. Bu da normaldı. Amma "Keşlə" matçındakı geridönüş komandaya ruh yüksəkliyi qazandıracaq. Hazırki durumdan komanda kimi çıxacağıq".

O, komandasının qarşıdakı 2 oyunu barədə də danışıb: "Ölkə kubokunda və ölkə çempionatında 1 oyunumuz qalıb. Hər 2 komandaya qalib gəlmək istəyirik. Çünki qış fasiləsinə yaxşı əhval-ruhiyyədə yollanmaq niyyətindəyik. Əlimizdən gələni edəcəyik. Çox söz demək olar, amma ən yaxşısını meydanda etmək istəyirik".

"Keşlə" matçı demək olar ki, bu sezon ilk oyunum idi. Doğrudu, "Qəbələ"yə qarşı oynamışdım. Amma sona az qalmış daxil olmuşdum meydana. "Keşlə"yə qarşı oyunda isə 15-20 dəqiqə şans qazandım. Karyeram istədiyim kimi alınmır deyəndə ki, şans qazandıqca, meydanda daha çox olmaq istəyirəm. Daha çox oynadıqca, karyeramda yenidən yüksəlişə keçəcəyimə inanıram. Ümidliyəm. Baş məşqçi nə vaxt şans versə, oynayacam" - deyə, Elşən Abdullayev fikirlərini yekunlaşdırıb.

Xəbər xətti