Azərbaycan Premyer Liqasında indiyə qədər oynamış legionerlər arasında əvvəllər Almaniya Bundesliqası həyəcanını yaşamışlar da olub. Əslində indiyə qədər Almaniya oynadıqdan sonra Azərbaycana gəlmiş futbolçular az deyil. Sadəcə onların əksəriyyəti ya aşağı Bundesliqalarda oynayıb, ya da heç bir oyuna çıxmayıb. Sportal.az isə sizə Azərbaycan çempionatı və Almaniya 1-ci Bundesliqada oynamış futbolçular barədə məlumat verəcək:
Joel Epalle
Kamerunlu futbolçun adı daha çox “Bakı” – “Buduçnost” oyunu ilə xatırlanır. Belə ki, Epalle UEFA tərəfindən “Bakı”ya “Buduçnost”la ev oyununda texniki məğlubiyyətin verilməsinin səbəbkarı olmuşdu. Buna səbəb onun əvvəlki klubunun heyətində vərəqə cəzalısı olsa da, növbəti avrokubok matçına çıxması idi. Kamerunlu "Baki"da çox qalmamışdı. Kamerun millisinin sabiq yarımmüdafiəçi Azərbaycana gələnə kimi “Bohum”un heyətində Almaniya Bundesliqasında oynamış, 92 Bundesliqa oyununda 8 qol vurmuşdu. Son olaraq Malayziyanın “Saravak” klubunda çıxış etmiş veteran futbolçu karyerasını çoxdan başa vurub.
Emile Mpenza
"Neftçi”nin sabiq forvardı Almaniya Bundesliqasının həyəcanını iki klubun - “Şalke” və “Hamburq”un heyətində yaşamışdı. İlk dəfə 1999/2000 mövsümünün 18-cı turu çərçivəsində “Şalke”nin heyətində “Arminiya”ya qarşı debüt edən sabiq “Neftçi”linin Bundesliqadakı son oyunu isə 2005/2006 mövsümündə “Hamburq”un heyətində “Herta”ya qarşı olub. O, ümumilikdə Almaniya Bundesliqasında 115 matçda 33 dəfə fərqlənə bilmişdi. Məşqçiliyə başlamış Mpenza "Muskron"da köməkçi məşqçi kimi çalışırdı.
Miro Varvodiç
“Hayduk”(Split) yetirməsi olan Varvodiç “Qarabağ”ın qapısını qoruyub. Son dəfə "Jrinski"(Mostar) klubunda oynamış kiper 2013/2014 mövsümündə “Qarabağ”ın Avropa Liqasının təsnifat mərhələsinin bütün oyunlarında oynayıb. 2010/2011 mövsümündə isə Varvodiç “Köln”ün heyətində Bundesliqada çıxış etmişdi. İlk dəfə “Borussiya”(Dortmund) ilə matçda debüt edən Varvodiç bir mövsüm sonra yüksək liqada 2 oyun keçirərək ümumilikdə Bundesliqadakı oyun sayını 7-ə çatdırmışdı.
Aleksandr İaşvili
Hazırda Gürcüstan Futbol Federasiyasında baş katib kimi çalışan İaşvili “İnter”dən əvvəl Bundesliqada “Frayburq”un heyətində 1998/1999 mövsümündə debüt etmişdi. "Yaşka"nın yüksək liqadakı son oyunu isə 2008/2009 mövsümündə “Herta”ya qarşı olub.
Ailton Ferreyra Silva
“Qarabağ” braziliyalı üçün Azərbaycanda ikinci klub idi. O, 2015/2016 mövsümündə məhz “Neftçi” forması geyinib. “Ağ-qaralar”dan ayrıldıqdan sonra isə Portuqaliyada “Eştoril” forması geyinən müdafiəçi ardınca Almaniyaya yollanmışdı. Müqavilə ilə məxsus olduğu “Ştuttqart”da Aylton indiyə qədər cəmi 5 Bundesliqa oyununa çıxıb. 25 yaşlı futbolçunun Bundesliqadakı debütü 2017/2018 mövsümünün ilk turunda “Herta”ya qarşı olub. Aylton hazırda Kiprdə "Pafos"da çıxış edir.
Evangelios Mantzios
Hazırda "PAO Rouf"da çıxış edən Mantzios daha çox “Panatinaikos” və “Ayntraxt”dakı çıxışları ilə tanınıb. 2012/2013 mövsümü üçün OFİ-dən ayrılan forvard “Bakı” ilə anlaşmışdı. Amma yunanın paytaxt klubu üçün uğurlu transfer olduğunu da demək olmaz. Bojidar Bandoviçin “Bakı”ya dəvət etdiyi forvard sonradan ümumiyyətlə komandada saxlanılmadı və göndərildi. Buna qədər isə o, 2007/2008 mövsümündə "Ayntraxt"(Frankfurt) klubunun heyətində Almaniya Bundesiqasında 10 oyuna bir qol vurmuşdu.
İqor Mitreski
"Neftçi"nin ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığı vaxt komandada yer almış Mitreski Azərbaycana gələnə qədər artıq Bundesliqa təcrübəsini qazanmışdı. 2006-2010-cu illər arasında “Enerji”də (Kottbus) oynamış şimali makedoniyalı Bundesliqada 63 oyun keçirmişdi.
Tarık Elyunissi
Mərakeşəsilli indiyə qədər Premyer Liqamızda oynamış yeganə norveçli kimi tarixə keçib. Elyunissi 2013-2016-cı illərdə “Hoffenhaym” forması geyinmişdi. Hazırda Yaponiyada “Şanon Bellmare” forması geyinən yarımmüdafiəçi Bundesliqada 52 oyuna çıxıb 4 qol vurub.
Klaudio Radukanu
“Xəzər Lənkəran”da istəniləni verməsə də, komandaya gəlmişlər arasında ən tanınmışlardan olan Radukanu Bundesliqada çıxış etmək imkanı tapmışdı. 2008/2009 mövsümündə Lənkəran klubunda oynamış rumın 2004/2005 mövsümündə isə “Arminiya” ilə Bundesliqada 5 oyuna çıxıb, amma qol vura bilməmişdi.
Srcan Balyak
Azərbaycanda “Olimpik”(Bakı) klubunun formasını geyinmiş Srdcan Balyak Serbiyaya döndükdən sonra “Banat" (Zrenyanin) heyətində çempionatın bombardiri adını qazanmışdı. Karyerasının bundan sonrakı hissəsi isə Almaniya ilə bağlı olan Balyak daha çox ikinci Bundesliqada oynamışdı. İkinci bundesliqada “Maynz” və “Duysburq” daxil olmaqla ümumilikdə 127 oyuna çıxan forvard 35 qol vurmuşdu. Balyak Almaniya birinci Bundesliqasında isə cəmi 4 oyuna çıxıb, amma fərqlənə bilməyib. O, bunu 2009/2010 mövsümündə “Maynts”da oynayarkən bacarmışdı.
Ruben Qonzales Roxa
“Bakı”nın iddialı olduğu vaxtlarda komandaya məhz ispaniyalı müdafiəçi də dəvət edilmişdi. Ruben Roxa Qonzales əslində “Real”(Madrid) yetirməsi hesab edilir. Karyerası ərzində daha çox “Selta”(Viqo)da oyun keçirmiş veteran futbolçu “Real”da da 16 oyun keçirib. “Bakı” ilə müqavilə imzalamamışdan əvvəl isə Roxa Almaniyada Bundesliqasında 3 matça çıxıb. O, icarəyə göndərildiyi “Borussiya”(Münhenqladbax)da çox qala bilməmişdi. Son olaraq İspaniyada aşağı liqa təmsilçisi – “Koruxo”da oynamış Ruben karyerasını başa vurub.