"Qəbələ"nin müdafiəçisi Ruan Renato Sportal.az saytına müsahibə verib.
Braziliyalı futbolçu komandasının çempionatdakı çıxışı haqda danışıb.
- "Qəbələ" "Zirə" ilə görüşdə qələbə qazanmağı bacardı. Həmin oyunu necə dəyərləndirirsən?
- Biz əla oyun oynadıq. Xüsusilə də ilk yarıda oyunumuz yaxşı alındı. “Zirə” əla komandadı. Çempionatı da yaxşı səviyyədə keçirirlər. Onları evində məğlub etmək çətin məsələ idi. Qalib gəldiyimizə görə şadıq.
- “Qəbələ” son dəqiqələrdə meydanda 10 nəfərlə qalmışdı. İkinci qolu buraxmaqdan qorxurduz?
- Oyunun gedişində bu cür hadisələrin cərəyan edə biləcəyini bilirik. Lakin matçda xoşagəlməz vəziyyət yaranarsa, necə davranacağımızı bilmək üçün həftə ərzində çox məşq edirik. Biz matçlarda təkcə fərdi yox, həm də kollektiv şəkildə, çox gözəl müdafiə işi görürük. 10 futbolçu ilə "Zirə"nin oyunu heç-heçə edə bilməməsinə mane olduq.
- “Qəbələ” ölkə kubokunda MOİK-lə qarşılaşacaq. Rəqibiniz 1-ci liqada çıxış edir. Nə vaxtsa Azərbaycan 1-ci liqası ilə maraqlanmısınız? Rəqib haqda məlumatınız varmı?
- Düzünü desəm, izləmirəm. Amma əminəm ki, onlar yaxşı komandadı. Bu oyunöncəsi məşqlərdən matça hazırlaşmaq üçün istifadə edəcəyik, çünki asan oyun yoxdu. Ona görə də diqqətimizi toplayıb, matça 100% verməliyik ki, növbəti mərhələyə vəsiqə qazanaq.
- “Qəbələ” ölkə kubokunu qazanmağa iddialı idi?
- Kubokda bizim də böyük rəqiblərimiz var. Gəlin olduğu kimi davam edək, oyundan-oyuna düşünüb qələbələr üçün əlimizdən gələni edək. Sonra bunun bizi hara aparacağını görəcəyik.
- Sizcə, “Qəbələ” Azərbaycan çempionu ola bilərmi?
- Bu il əsas məqsədimiz odur ki, hər oyunda inkişaf edək, hər keçən oyunda komandamız inkişaf edir. Buna görə də qalib gəlməyə davam edirik. Diqqətimizi oyuna yönəldəcəyik və çempionatın sonunda bunun bizi hara aparacağını görəcəyik.
- Növbəti matçda “Neftçi”yə qalib gələ biləcəksiniz?
- Bilirik ki, “Neftçi” yarışda özünün ən yaxşı anında deyil. Amma orada olan oyunçuların keyfiyyətini də bilirik, çox çətin oyun olacaq. Ona görə də MOİK-lə oyundan sonra bütün gücümüzü “Neftçi” ilə oyuna yönəldəcəyik. Azarkeşlərimizin köməyinə ümid edirik. Qələbə qazanıb, müsabiqənin bu ilk yarısını qızıl açarla bağlamaq istəyirik.