Azərbaycan millisinin sabiq futbolçusu Elnur Cəfərov Sportal.az saytına müsahibə verib. Vaxtilə gələcəyinə böyük ümidlər bəslənilən futbolçu hazırki karyerasından danışıb. Hazırda “Qaradağ Lökbatan”da çıxış edən Cəfərov karyerasında yenidən yüksəlişə keçəcəyinə inandığını bildirib.
- Bəlkə də çoxları futbolla vidalaşdığını düşünür. Hazırki karyeran necə gedir?
- Doğrudu, hazırda “Qaradağ Lökbatan”da oynayıram və bura məqsədli gəlmişəm. Fiziki, taktiki durumumu daha da artırıb formamı bərpa etmək fikrindəyəm. Sadəcə oyun praktikamı daha da artırmalıyam. O zaman hər şey qaydasına düşəcək.
- Komandanız ölkə kubokunun 1/8 final mərhələsində “Keşlə” ilə qarşılaşacaq. Bu matç sənin üçün də yenidən özünü futbol ictimaiyyətinə göstərmək, sübut etmək üçün yaxşı şans olacaq?
- Komandamız üçün də, əlbəttə ki, mənim özüm üçün də yaxşı imkandı. Özümə və komandama çox inanıram. Bu oyunda komandamın uğuru üçün əlimdən gələni edəcəm. Ancaq zamanla daha yaxşı olacam. İndi daha təcrübəli Elnuram.
- Tez-tez deyirlər ki, 1-ci divizion bataqlıqdı, filan. Razısan bununla? Ki, ora gedən futbolçu yenidən karyerasında yüksəlişə keçə bilmir?
- Əgər Premyer Liqa klubunda deyilsənsə, əlbəttə ki, divizionda oynamalısan. Mən elə düşünmürəm ki, bataqlıqdı. Burada əziyyət çəkib daha çox məşq edib, Premyer Liqaya dəvət qazanmaq olar. Önəmli olan, buna inanmaq, bu məqsəd üçün irəlilmək və işə düzgün yanaşmaqdı.
- Karyeranın yüksəliş dövründə, daha çox gündəmdə olduğun dönəmlərdə tez-tez adın qalmaqallarda hallanırdı. Adi bir sözün də tez yayılırdı. Səncə, bu nədən irəli gəlirdi, sevməyənlərin çox idi, yoxsa səndən gözləntilər çox idi deyə, belə alınmışdı?
- Böyük səhvlərimin olduğunu düşünmürəm. Sadəcə cavanlıqdan irəli gələn təcrübəsizlik olub. Dediyim kimi mən indi daha təcrübəli Elnuram.
- Karyeranın ən yaxşı durumlarında etdiyin ən böyük səhv hansı idi? Ki, zamanı geri qaytarsan, həmin səhvi etməmək üçün necə davranardın?
- Səhvlər qaçılmazdı. Biz səhvlər üzərində təcrübəli oluruq, böyüyürük. Önəmli bir də geridəki səhvləri təkrar etməməkdi.
- Qurban Qurbanov vaxtilə səni “Qarabağ”a gətirmək istəyirdi. Niyə qəbul etməmişdin həmin təklifi? “Qarabağ”a keçsəydin karyeran fərqli alınacaqdı?
- Əslində, mən “Qarabağ”a keçməyə, orada oynamağa razı idim. Sadəcə o zaman belə məsləhət oldu ki, ölkə xaricinə gedib orada oynayım. Ancaq dediyim kimi hər şey bəzən biz düşündüyümüz kimi olmur.
- Maraqlıdı, son vaxtlar səninlə maraqlanan, heyətində görmək istəyən Premyer Liqa klubları, baş məşqçilər olub heç?
- Əslində, maraqlananlar olur. Daha çox əziyyət çəkib, formamı, oyun praktikamı bərpa etməliyəm. Ondan sonra hər şey daha asan olacaq.
- “Tondela”dan ayrılığın da çox müzakirə edilmişdi. Deyilənə görə Petit sevinc göstərisi zamanı alkoqollu içkini başından tökdüyünə görə dava etmişdin. Həqiqətən nə baş vermişdi orada?
- Bu haqda indi danışmaq istəmirəm. Çünki bunlar hamısı keçmişdə qalıb. Sadəcə onu deyə bilərəm ki, mənim inancım, dinim belə şeylərə icazə vermir. İndi yalnız irəliyə köklənmişəm. İnanıram ki, uğur gələcək.
- Milli komanda, Premyer Liqadakı iddialı komandalarda oynamaq sənin üçün qapalı mövzudu? Yoxsa, səncə, yenidən A millidə oynayıb, iddialı klublara qayıda biləcəksən?
- Xeyr, qapalı deyil. Düşünürəm ki, millinin qapısı hər futbolçu üçün açıq olub. Mənim üçün də belədi. Qapalı mövzu olsaydı, futbol oynamazdım. Hər şey özümdən asılıdı. Premyer Liqa klubuna dəvət alıb, milli üçün can atacam. Mənim üçündə millidə oynamaq qürurdu.