Premyer Liqamızda Asiya ölkələrinin yeganə təmsilçiləri: "Şanxay Şenxua"dan Azərbaycana gələn, "Malaqa" və APOEL-in futbolçuları - FOTOLAR

15:51 - 9 Dekabr 2021

Azərbaycan Premyer Liqasında indiyə kimi Avropa və Afrika zonasından oynamış, öz ölkələrinin yeganə təmsilçilərilə sizi tanış etmişdik. Bu dəfə sizə Premyer Liqamızda Asiya ölkələrinin yeganə təmsilçiləri barədə xəbər verəcəyik. Qeyd edəcəyimiz futbolçular öz ölkələrinin Azərbaycandakı hələ ki, yeganə təmsilçiləridi.

Con Tamburas (Avstraliya, “Neftçi”)

Avstraliyalı Co Kendriklə 2008-ci ildə birlikdə “Neftçi”yə Yurgen Gedenin vaxtında transfer edilmişdi. Azərbaycanda oynamış yeganə avstraliyalı olaraq tarixə keçmiş Tamburas Kendrik kimi “Neftçi” üçün ən uğursuz transferlərdən hesab edilir. Odur ki, Böyükağa Ağayev baş məşqçi təyin ediləndən sonra həm Kendriki, həm də çempionatımızın yeganə avstraliyalısını əvəzedici heyətə göndərmişdi. Ölkəmizi tərk etdikdən sonra vətəninə qayıdan Tamburas “Nortern Furi” ilə anlaşmışdı. Son olaraq "Quanqjou Everqrand"da forma geyinmiş futbolçu karyerasını başa vurub.



Brayan Fok (Honq-Konq, AZAL)

Ölkəsinin "Reyncers" klubunun yetirməsi olan Brayan AZAL-da çıxış edib. Nigeriyada dünyaya göz açan Brayanın anası afrikalı, atası honq-konqluu. O, "Şanxay Şenhua"da çıxış edərkən Azərbaycana icarədə oynamağa gəlmiş və 2016/2017 mövsümün çempionatımızda cəmi 4 oyun keçirmişdi. Fok hazırda ölkəsinin “Honq-Konq” klubunun şərəfini qoruyur.



Alvaro Silva (Filippin, “Xəzər Lənkəran”)

Alvaro “Xəzər Lənkəran”da Con Toşakın baş məşqçisi olduğu vaxtda da oynayıb. İspaniya doğumlu olan müdafiəçinin valideynləri də bu ölkədən idi. Amma atasının Filippinlə bağlılığı olduğuna görə, Fillippin Futbol Federasiyası FİFA-ya müraciət edərək, onu milliyə dəvət edib. “Xəzər Lənkəran”ın sabiq müdafiəçi də ölkəmizdə çıxış etmiş yeganə filippinlidir. Azərbaycana gələnə qədər “Malaqa”, “Xezer”, "Kadiz", “Petrolul” klublarında oynamış Silva hazırda İspaniyada “Antekera”da çıxış edir.



Keysuke Honda (Yaponiya, "Neftçi")

Dünyaca tanınmış futbolçu ölkə çempionatında oynamış və qalib olmuş yeganə yapon futbolçudu. 35 yaşlı futbolçu hazırda Litvada “Suduva” klubunda oynayır. “Neftçi” ilə Azərbaycan çempionluğunu yaşamış Hondadan sonra klublarımız yaponlara ehtiyac duymayıb.




Omar Hanni (İordaniya, "Qəbələ")

Hanniyə qədər Azərbaycan klubları iordaniyalı futbolçu ehtiyac duymamışdı. Ölkəsinin “Əl-Faysali” klubunun yetirməsi olan 22 yaşlı futbolçu yayda APOEL-dən “Qəbələ”yə gəlmişdi. Kiprdə “Olimpiakos”(Nikosiya) klubunda da icarədə çıxış etmiş futbolçu hazırda İordaniya yığmasının üzvüdü. Azərbaycan çempionatında da daha çox sürətilə diqqət çəkən Omar “Qəbələ”də də əsas heyət üzvünə çevrilib. 


 

Xəbər xətti