“Hakimlər nə etdi? Topun qapı xətti keçdiyini necə görməmək olar? Bütün dünya qol olduğunu gördü, sadəcə hakimlər görmədi”.
Bu sözləri Sportal.az saytına açıqlamasında Borçe Xristov deyib.
Hazırda Şimali Makedoniyada “Rabotniçki” klubunun baş məşqçisi kimi fəaliyyət göstərən Xristov vaxtil “Qarabağ”da məşqçi kimi fəaliyyət göstərib. Təcrübəli mütəxəssis Ağdam təmsilçisinin avrokuboklardakı çıxışını dəyərləndirib:
“Mən elə məhz bundan qorxurdum. Hakimlər son turlarda başladı bu cür idarəçiliyə. Qazaxıstanda da “Kayrat” – “Bazel” matçında bu cür hadisələr olmuşdu. “Bazel”in qapısına 100 faizlik penaltini təyin etmədilər. Bunların hamısının təsadüfi olduğunu düşünmürəm. Oyuna gəldikdə, hesabı kənara qoyaq, “Qarabağ” tarixinin ən yaxşı səfər oyunlarından birini oynadı. Çox heyf ki, komanda 100 faizli qol imkanlarından yararlana bilmədi. Halbuki ilk 30 dəqiqədə “Bazel” harada olduğunu tuta bilmirdi. Yeri gəlmişkən, 2-ci qol zamanı oyundankənar vəziyyət yox idi? Yəni, dünən ki, matçda hakimlərlə bağlı problemlər çox oldu”.
Xristov, “Qarabağ”ın 1/16 final mərhələsinin potensialı rəqibləri haqda da fikir bildirib: “Qarabağ” Azərbaycanı layiqincə təmsil edir. “Bazel” oyunu geridə qaldı və indi 1/16 final matçına hazırlaşmaq lazımdı. “Qarabağ” həmin mərhələni də keçməyə, uğurlu nəticə verməyə qadirdi. Potensial rəqiblərin hamısı güclüdü. “Qarabağ” istənilən rəqiblə başabaş oynamağa qadirdi. Əlbəttə ki, “Fənərbaxça” düşsə, əsl bayram olardı. Qalanları mənə görə eyni səviyyədədi”.