Ölkə kubokunun 1/8 final mərhələsinin “Qəbələ” (1:2) ilə matçında MOİK-in yeganə qolunu vuran Ilham Allahverdiyev komandasının oyununu da dəyərləndirib.
Sportal.az saytına açıqlama verən təcrübəli hücumçu MOİK-in mübarizəni dayandırması barədə danışıb:
"Əslində, ilk hissəni 1:0 öndə bitirdik. Paltardəyişmə otağında uşaqlarla danışdıq ki, 2-ci yarıda tələsməyək, rahat və səbirli oynayaq. Amma uşaqlarda həyəcan, istək var idi. Rəqib hesabı bərabərləşdirəndən sonra meydanda 10 nəfərlə qaldıq. 85-ci dəqiqədə də 2-ci qolu buraxıb, uduzduq.
Premyer Liqa və 1-ci divizion klubları arasında səviyyə fərqi? Deməzdim ki, səviyyə fərqi həddən artıq çox idi. Bundan öncəki illərdə Premyer Liqa və 1-ci divizion klublarının oyunlarında 7:0, 8:0 hesabları olurdu".
"Neftçi" yetirməsi olan və vaxtilə bu komandada oynamış forvard "Qəbələ"nin qapısına vurduğu qol haqda danışarkən, yenidən Premyer Liqada oynamaq istəyində olduğunu bildirib: "Vurduğum qola gəlincə, işim budu. Komandam üçün qol vurmalıyam. Əlbəttə, mən də Premyer Liqa klublarından birində oynamaq istəyərəm. Amma təəssüflər olsun ki, Azərbaycan Premyer Liqasında 28-29 yaşlı yerli futbolçulara qoca deyirlər, amma gedib Braziliyadan 35-36 yaşında hücumçu gətirirlər(gülür)".