“Keşlə”nin qapıçısı Kamal Bayramov Sportal.az saytına müsahibə verib. Ölkə kubokunun 1/8 final mərhələsinin “Qaradağ Lökbatan”la (2:1) oyununda komandasının qapısını qoruyan Bayramov matçla bağlı danışıb.
- “Keşlə” “Qaradağ Lökbatan”a qalib gəlməyi bacardı. Matç sizin üçün nəyə görə çətin alındı? Rəqibiniz güclü idi, yoxsa arxayınçılıq var idi?
- Ümumiyyətlə, bütün 4 komandanı götürsək, müəyyən sıxıntılar oldu. Sonda təcrübə və səviyyə baxımından yekun nəticə bəlli oldu. Rəqibimiz gənc futbolçulardan təşkil olunmuş komandadı. Bizimlə oynamaq onlar üçün böyük motivasiya idi. Çox istəkli komandaya qarşı oynayırdıq. Onlara növbəti oyunlarda uğurlar arzulayıram.
- Bu mövsüm ölkə kuboku oyunlarında 1-ci divizion klubları Premyer Liqa klubları ilə bacarmadı və növbəti mərhələyə yalnız yüksək liqa klubları vəsiqə qazandı. Bu, 2 liqa arasındakı səviyyə fərqinin yüksək olmasının göstəricisidi?
- Diviziondakı oyunlar haqda o qədər də məlumatım yoxdu. Oyunların sürət axarından və səviyyə baxımından az məlumatlı olduğum üçün bu barədə bir söz deyə bilmərəm. Premyer Liqada təmsilçiləri ötən mövsümə nisbətən heyətlərdə dəyişiklikləri olub. Oyunlarda sürət artımı var. Qələbələr normaldı.
- Növbəti mərhələdə rəqibiniz “Qarabağ”dı. Yarımfinal şansınızı necə dəyərləndirirsən?
- Kubok oyunları tam fərqli məcrada keçir. Nəzərə alsaq ki, növbəti mərhələ 2 oyundan ibarətdi. ¼ final mərhələsinə hələ çox var. Bu haqda düşünməyimiz hələ tezdi.
- Bu mövsüm ilk dəfə meydana çıxdın. Stanislav Namaşko bütün oyunlarda qapını qoruyur. Uzun müddətdən sonra qapıda dayanmaq çətin deyildiki?
- Futbolçu nə qədər məşq etsə də, yekunda bunun nəticəsini 90 dəqiqə ərzində nümayiş etmək üçün çalışır. Az oynayan futbolçu oyun praktikası baxımından əziyyyət çəkir. Daim üzərimdə çalışıb özümü oyuna müdaxilə edə biləcəyim səviyyədə saxlayıram. Fiziki və psixoloji durumum yüksək səviyyədədi.
- Qarşıdakı mövsümdən “Keşlə” adını dəyişərək “Şamaxı” adlanacaq və eyniadlı rayona köçəcək. Sən də Şamaxıya yollanacaqsan?
- Mövsüm sonunda müqaviləm başa çatır. Rəhbərlik yeni müqavi təklif etsə və lazım olsa, Xankəndində də oynayaram.