“Qarabağ” və “Xəzər Lənkəran”ın sabiq futbolçusu, hazırda “Kəpəz”də oynayan İbrahim Qədirzadə Sportal.az saytına müsahibə verib. O, komandasının ölkə kubokunun 1/8 final mərhələsində “Sabah”a 0:3 hesablı məğlubiyyətindən danışıb.
- “Sabah”la matçda "Kəpəz" 0:3 hesabı ilə məğlub oldu. Necə düşünürsən, məğlubiyyətə səbəb ustalıq səviyyəsi idi?
- Təbii ki, səviyyə fərqi var. Biz yerli futbolçulardan yığılmışıq. Rəqibin isə heyətində yaxşı, yerli futbolçularla yanaşı yaxşı legionerləri də var. "Sabah" ustalıq və təcrübə hesabına bizi məğlub etdi.
- Baş məşqçi Yaşar Vahabzadə oyundan sonra bildirib ki, rəqibin heyətindəki futbolçuların ustalıq səviyyəsi onun komandasındakı oyunçularından fərqli idi. Həqiqətən rəqibin futbolçuların ustalıq səviyyəsi sizdən daha yüksək idi?
- Yaşar müəllim belə deyibsə, elədi. Sabah Premyer Liqada formada olan 2-3 komandalardan biridi. Ustalıq səviyyələri də həqiqətən yüksək idi.
- “Sabah”ı yalnız bəxt sayəsində keçə bilərdinizki?
- Rəqibə qarşı yaxşı mübarizə apardıq. İlk yarıda bu daha da yaxşı alındı. Sadəcə sonda alınmadı.
- Maraqlı məqam odur ki, ötən mövsüm "Kəpəz" "Sabah"ı keçə bilmişdi...
- “Sabah”ın oyuna ciddi hazırlaşdığı ilk dəqiqədən görünürdü. Ola bilər ki, revanş hissi ilə çıxmışdılar oyuna.
- Bu mövsüm heç bir komanda Premyer Liqa təmsilçisinə qalib gələ bilmədi. Səncə, Premyer Liqa və 1-ci divizion klubları arasında səviyyə fərqi daha da yüksəlib?
- Həqiqətən də diviziondakı rəqabət ötən mövsümkü ilə müqayisədə daha da artıb. Doğrudu, bu mövsüm 1-ci divizion klubları Premyer Liqa təmsilçilərinə badalaq vura bilmədi. Amma layiqli mübarizə apardıq.
- “Kəpəz” mövsüm sonunda Premyer Liqaya vəsiqə qazana biləcək? Komandanız yüksək liqada oynayacaq səviyyədədi?
- “Kəpəz”in vəsiqə qazanması üçün komandanın üst pillələrdə olması önəmlidi. Bunun üçün də çalışırıq. Allah qoysa, “Kəpəz” Premyer Liqaya vəsiqə qazanar. Təbii ki, belə oyunlarımız çox olsa, təcrübə toplasaq komanda oynaya biləcək səviyyədədi.