“Zenit”(İjevsk) klubunda çıxış edən əslən azərbaycanlı Sergey Peterson Sportal.az saytına müsahibə verib. "Krasnodar" futbol akademiyasının yetirməsi olan Sergey "Sabah"ın hazırki çalışdırıcısı Murad Musayev haqda da fikirlərini bildirib.
- “Zenit”də işlərin necə gedir?
- Əslində, komandadakı işlər, bu kluba keçməmişdən əvvəl gözlədiklərim kimi getmir. Fərqli olacağını ehtimal edirdim.
- Azərbaycandan təklif almısan, yoxsa Rusiyada özünü sınamaq niyyətindəsən?
- Əvvəl də deyirdim, mən gələcək təkliflərə hazıram. Təklif razı salarsa hər yerdə oynaya bilərəm. Son vaxtlar Azərbaycandan təklif almamışam.
- Azərbaycan futbolu, çempionatı necə görünür?
- “Sabah”ı daim izləyirəm. Çünki orada dostum Ruslan Pidlisnyak çıxış edir. Məşqçi heyəti də əvvəllər çalışdığım insanlardı. “Sabah”dan savayı “Qarabağ”ı da izləyirəm.
- “Krasnodar” yetirməsisən və yəqin ki, “Sabah”ın hazırki çalışdırıcısı Murad Musayevi yaxşı tanıyırsan? Onunla birlikdə çalışmısan?
- Bəli, onunla birlikdə çalışmışıq. Çox savadlı məşqçidi, taktikanı yaxşı bilir, daim futbol haqda düşünür. İşinin ustasıdı. Şübhə etmirəm ki, onun “Sabah”da işləri çox yaxşı alınacaq. Gördüyünüz kimi, o, komandaya baş məşqçi təyin edildikdən sonra nəticələr gəlməyə başladı.
- Sənin üçün Azərbaycanda hansı klubda oynamaq prioritetdi?
- Bu cür prioritet yoxdu. Sadəcə üstünlüyü “Sabah” və “Qarabağ”a verərdim.