“Keşlə”nin müdafiəçisi Şəhriyar Əliyev Sportal.az saytına müsahibə verib. Futbolçu çempionatında ilin son görüşündə “Sumqayıt”a 3:1 hesabı ilə qalib gəldikləri oyunu dəyərləndirib.
- "Keşlə" "Sumqayıt"la matçda qələbə qazana bildi. Qələbə qazanacağımnızı ehtimal edirdin?
- “Qaradağ Lökbatan”la kubok oyunundan sonra bu oyuna çox yaxşı hazırlaşmışdıq. Elə oyunçularımız var idi ki, həmin oyunda da oynamışdı, “Sumqayıt”a qarşı da oynadı. Bərpanı yaxşı keçmişdilər. Oyuna gedəndə də uşaqlarla danışırdıq və qələbə qazanacağımıza inam yüksək idi. Yaxşı oynayıb, qalib gəldik.
- "Keşlə" üçün ilin sonunun yaxşı alındığını demək olar. Kubokda mərhələ keçdiniz, çempionatda son oyunu qalib gəldiz. Səncə, mövsümün gedişində niyə belə olmurdu?
- Hər oyun udanda, nəticə olanda hər şey yaxşı olur. Son turda qalib gəldik ki, “dördlük”dən qopmayaq. Elə oyunlar var idi ki, qırmızı vərəqələr oldu, zədəlilərimiz də oldu, xallar itirdik. “Sumqayıt”la matça da itkilərlə çıxmışdıq. Həftəiçi məşq etməyən oyunçularımız var idi. Elə oyunçularımız var idiki, oyuna 2 gün qalmış məşqə qoşulmuşdu. 4-5 futbolçumuz ağrılarla oynayırdı.
- Səncə, "Keşlə"də qışda dəyişikliklər çox olmalıdı ki, fasilədən sonra uğurlu çıxış edəsiz?
- Gedən futbolçular olacaq. İnanıram ki, onların əvəzinə daha uğurlu transferlər gələcək. Mütləq komandaya kömək edəcək futbolçular lazımdı. Rəhbərlik də, baş məşqçi də bunu görür. İnanıram ki, lazımı addımları atacaqlar. Gedənlərə yaxşı karyera arzu edirəm. Gələnlər də daha xeyirli olsun.
- Bir müddət əvvəl Rəhman Hacıyev mətbuata açıqlamasında legionerlərin səviyyəsindən gileylənmişdi. Həmin söhbətdən sonra legionerlər və yerlilər arasında problem yaşandı?
- Oyunu uduzanda adam əsəbi olur. Rəhman Hacıyevin dediyi sözlərə gəlincə, danışdıq, bir-birimizi başa düşdük, legionerlər də başa düşdü. “Sumqayıt”la matçda İlkin Qırtımov, Merab Qiqauri, Sadio Tounkara, Stanislav Namaşko zədəli idi. Zədəli-zədəli oynadılar, legionerlərimizdə zədə var idi, amma çıxdılar mübarizə apardılar. Allah qoysa, yaxşı futbolçular gələr. Komanda yuxarıya kimi gedər. Legionerlərlə aramızda böyük problem olduğunu deməzdim. Onlarla danışdıq, bir-birimizi başa düşdük.
- Qışda komandanı dəyişmək ehtimalın var, yoxsa qalacaqsan "Keşlə"də?
- Yaya kimi müqaviləm var. Oynayıb, formanın haqqını vermək istəyirəm. Mövsüm sonunda avrokuboklara getmək istəyirəm. Ondan sonra danışacağıq.
- Ölkə kubokunun son qalibi "Keşlə"di. Növbəti mərhələdəki rəqibiniz "Qarabağ" olacaq. Necə düşünürsən, "Keşlə" üçün yarımfinala çıxmaq, kuboku əlində saxlamaq çətin olmayacaqki?
- Fasilədən sonra ilk oyunumuz, elə kubokda “Qarabağ”a qarşıdı. “Qarabağ” Azərbaycan çempionatının səviyyəsindən çox yuxarıdadı. Bu o demək deyil ki, əlimizi-qolumuzu yanımıza salacağıq. Yeni transferlərimiz olacaq, yaxşı hazırlaşacağıq, yaxşı toplanış da keçəcəyik. Gedənlərimiz, gələnlərimiz olacaq. “Qarabağ”la oyuna kimi formaya düşməyəcə çalışacağıq. Ötən mövsüm kuboku götürmüşük. Qismət olsa, bu mövsüm də götürmək istəyirik. Rəqib “Qarabağ” olsa da, meydana mübarizə üçün çıxacağıq. Rəqibin adı böyük olanda, ona qarşı hazırlaşamaq daha yaxşı olur.