Çexiyanın 1-ci liqasında ilin son oyununu keçirən Fərid Nəbiyev artıq Bakıya qayıdıb.
Sportal.az saytına açıqlama verən Nəbiyev Çexiya klubundakı gələcək karyerası haqda danışıb.
"Viktoriya Jijkov”un ilin son matçını da məğlub başa vurmasına Nəbiyevin reaksiyası belə olub: "İli qalibiyyətlə sona çatdırmaq istəyirdik. Təəssüflər olsun ki, alınmadı. Çünki istədiyimiz oyunu meydanda nümayiş etdirməyimiz baş tutmadı. Məğlubiyyətlərimizə də səbəb elə istədiyimiz oyunu meydanda sərgiləyə bilməməyimizdi. Halbuki çempionata ümidli başlamışdıq".
O, Çexiyada klubunda qalıb-qalmayacağı barədə isə bunları deyib: "Yaxın vaxtlarda "Viktoriya Jijkov"da qalıb-qalmayacağımla bağlı dəqiq məlumat olacaq. Hələ ki, klub rəhbərliyi ilə heç nə danışmamışıq. Başqa ölkədə də oynaya bilərəm, öz klubumda da qala bilərəm. Konkret heç nə yoxdu. Ona görə də nəsə deməyim düz olmazdı. Mənim üçün əsas olan Avropada qalmaqdı".