İndiyə qədər Azərbaycan Premyer Liqasında oynamış legioner arasında tanınmış və güclü liqaların iştirakçıları da var.
Sportal.az oxuculara İngiltərə və Azərbaycan Premyer Liqasında çıxış etmiş futbolçular barədə məlumat verəcək.
Belə ki, əvvəlki illərdə Azərbacan çempionatında vaxtilə İngiltərə Premyer Liqasında oynamış futbolçuları da görmək mümkün idi.
Deon Burton
Yamayka millisinin də şərəfini qorumuş Deon İngiltərədən savayı 2 ölkədə - Uels və Azərbaycanda oynayıb. "Qəbələ"də 2 illik macərasından əvvəl "Derbi" və "Portsmut"la Premyer Liqa həyəcanı yaşamışdı. Ölkəmizi tərk etdikdən sonra "Gillinqam"a keçmiş yamaykalı hazırda "Vest Bromviç"in U-23 komandasının baş məşqçisi işləyir. İlk dəfə 1997-ci il avqustun 8-də "Derbi"nin heyətində "Blekbern"ə qarşı matçda debüt etmiş Barton son dəfə 2003/2004 mövsümündə "Portsmut"un heyətində yüksək liqa oyununa çıxmışdı. O, karyerasını "Vorkester Siti"də başa vurmuşdu.
Maykl Esyen
Siyahıda bəlkə də yegan oyunçu Esyendir ki, onun haqda çox yazmağa ehtiyac yoxdu. "Səbail"in sabiq futbolçusu 2005-ci ildə 38 milyon avro qarşılığında "Lion"dan "Çelsi"yə transfer edilmişdi. 7 illik "zadəgan"lar üçün top qovmuş qanalıbir mövsümlük "Real"a icarəyə verilmişdi. Daha sonra Londona qayıdan 37 yaşlı futbolçu 2013/2014 mövsümün də "Çelsi"də keçirərək ümumilikdə Premyer Liqada 168 oyuna çıxmış olub. Maykl liqada 17 də qol vurub.
Maqaye Qeye
"Qarabağ"dan ayrıldıqdan sonra "Dinamo"ya keçmiş seneqallı hazırda klubsuzdu. Buxarest klubundan qalmaqalla ayrılan forvard gənc vaxtlarında gələcəyinə böyük ümidlər bəslənilənlərdən olub. "Strasburq"dan "Everton"a keçən seneqallı elə həmin mövsüm 5 liqa oyununa çıxmışdı. Ingiltərə Premyer Liqasında ümumilikdə 24 oyun keçirmiş Maqaye yeganə qolunu "Sanderlend"ə vurub. Belə ki, Mersisaydlıların 4:0 hesablı qələbəsilə başa çatan görüşdə Qeye həm ilk qolu vurub, həm də 2 və 3-cü qolun assistini edib.
Alhassan Banqura
Syerre-leona millisinin sabiq üzvü "Qəbələ"yə "Mersin Idman Yurdu"ndan həlmişdi. "Qəbələ"də çox qalmayan Banqura ölkəmizə gələnə qədər İngiltərə Premyer Liqasında 16 oyuna çıxmışdı. O da "Uotford"un heyətində. Debütünü "Mançester Yunayted"ə (1:2) qarşı edən afrikalı son olaraq "Nuneaton"da oynamış Banqura hazırda klubsuzdu.
Emile Mpenza
2010-2012-ci illərdə "Neftçi"də oynamış belçikalının Azərbaycana gəlmiş ən səs-küylü transferlərdəndir. Belçika millisinin hücumçusunun də Azərbaycanda gözlənilən qədər uğurlu çıxış etdiyini demək mümkün deyil. 2006-cı ildə "Hamburq"dan "Mançester Siti"yə keçən belçikalı ümumilikdə İngiltərə Premyer Liqasında 25 oyuna çıxıb 5 qol vurmuşdu.
Asmir Beqoviç
O, Azərbaycanda oynamışlar arasında İngiltərə Premyer Liqasında ən çox oyun keçirmiş futbolçudu. "Qarabağ"da qısamüddətli macərasından sonra "Milan"a keçən bosniyalı kiper İngiltərədə 7 fərqli klubda oynayıb. 2009-cu ildə Premyer Liqada "Portsmut"un heyətində debüt edən Beqoviç sonradan "Stok Siti", "Çelsi", "Bornmut"un da heyətində Premyer Liqa həyəcanı yaşayıb. Bosniyalının aktivində hətta 1 qol da var. Belə ki, hazırda "Everton"un qapısını qoruyan təcrübəli kiper 2013/2014 mövsümündə "Stok Siti"də çıxış edərkən "Southampton"a uzaq məsafədən qol da vurub.
Terri Kuk
Karyerasında son klub "Qəbələ" olan Kuk vaxtilə Ingiltərə Premyer Liqasında oynayıb. "Qəbələ"nin sabiq futbolçusu İngiltərə Premyer Liqasında cəmi 4 oyuna çıxıb. Bu da 1995/1996 mövsümündə "Mançester Yunayted"in heyətində olub. Aleks Ferqyusson debüt matçında ona start heyətində şans versə də, fasilədə Simon Deyvislə əvəzləyib.
Zurab Xizanişvili
Gürcü futbolçu da Azərbaycan çempionatında çıxış etmiş ən zəngin karyeraya malik futbolçulardan olub. Hazırda məşqçi kimi fəaliyyət göstərən Xizanişvili "İnter"ə(hazırkı "Keşlə") gəlməmişdən əvvəl "Dumanlı Albion"da oynayıb. Xizanişvili "Reyncers"dən "Blekbern"ə transfer edilmişdi. O, 2005-ci ildə "Bolton"la görüşdə Premyer Liqada debüt edib. Zurab "Nyukasl" və "Ridinq" forması geyinsə də, onlarla yalnız Çempionşipdə çıxış edib. Gürcünün Premyer Liqada 62 oyun aktivindədir.
Andre Ştoltsers
"Şaxtyor" və "Spartak"(Moskva) klublarında oynadıqdan sonra İngiltərəyə yollanan Ştolsers Latviya futbolunun ən tanınmış simalarındandı. "Fulhem"in heyətində Ingiltərə Premyer Liqasında 10 oyun keçirmiş latviyalı bir qol belə vurmadan aşağı liqa təmsilçisi "Yeovil Toun"a keçmiçdi. 2005/2006/ mövsümündə isə "Bakı"nın formasını geyinmiş Ştolsers daha çox avrokuboklarda, "Jilina"ya qarşı səfərdə "Bakı"nın vurduğu qolla yadda qalıb. Bir mövsümlük Azərbaycan macərasından sonra o ölkəsinə, "Skonto"ya qayıtmışdı.
Georgi Hristov
Şimali makedoniyalı veteran Azərbaycana gələnə kimi karyerası ərzində tanınmış klublarda çıxış etmişdi. Avropa futboluna "Partizan"dakı oyunu ilə özünü tanıdan sabiq "Bakı"lı elə Serbiyadan birbaşa İngiltərənin "Barnsli" klubuna keçmişdi. Azərbaycanda uğurlu çıxış etməsə də, Şimali Makedoniya millisinin keçmiş üzvü "Barnsli" tarixinin ən yaxşı legionerlərindən hesab olunur. O, 1997/1998 mövsümündə İngiltərə Premyer Liqasında debüt etmiş və 21 oyuna 4 qol vura bilmişdi. "Bakı"lının son komandası isə Finlandiyada "Yuvaskayla" olmuşdu.
Artim Şakiri
Şimali Makedoniya millisinin sabiq kapitanı, ölkəsinin gəlmiş-getmiş ən yaxşı solaxaylarından hesab olunan Artim Şakiri "Qarabağ"a Albaniyanın "Besa" klubundan gəlmişdi. O, Ağdam klubundakı qısamüddətli karyerası ərzində Azərbaycan kubokuna da sahib çıxmışdı. 2003-cü ildə ÇSKA(Sofiya) klubundan "Vest Bromviç"ə transfer edilən Şakiri ingilis klubuna Çempionşipdən Premyer Liqaya yüksəlməsində kömək olmuşdu. Amma o, yüksək liqada yalnız cəmi 3 oyun keçirə bilmişdi. Futbolçu karyerasının son klubu "Qarabağ" olan Şakiri hazırda məşqçi fəaliyyətilə məşğuldur.
Con Kollinz
2011-ci ilin qış transfer pəncərəsi zamanı, Toni Adamsın dəvətilə "Çikaqo Fayr"dan ayrılan Con Kollinz "Qəbələ"yə keçmişdi. "Dumanlı Albion"da dörd klub - "Fulhem", "Lester", "Barnet" və "Uotforf"da çıxış etmiş holland yalnız adını çəkdiyimiz birinci klubla Premyer Liqada oynayıb. "Fulhem" tarixinin ən uğurlu transferlərindən hesab olunan Kollinz yüksək liqada ümumilikdə 95 oyuna 20 qol vurmuşdu. Azərbaycandakı karyerası uğurlu alınmayan holland Iranda çıxış etmişdi. 34 yaşlı forvard son olaraq ölkəsində "Buytenboys" klubunda oynadıqdan sonra karyerasını başa vurub.
Miçel
"Qarabağ" forması geyinmiş ispaniyalı komandanın tarixi uğurlarının iştirakçısı olub. "Sportinq"(Xixon) klubundakı çıxışından sonra "Dumanlı Albion"a yollanmış ispan "Birmingem"lə müqavilə imzalamışdı. Miçel 2009/2010 mövsümündə "Birmingem"in heyətində "Çelsi"yə ( 0:3) qarşı keçirilən matçda debüt edib. Premyer Liqada cəmi 9 oyun keçirmiş ispan daha sonra AEK-lə müqavilə imzalamışdı. Miçel zədələrini tam sağalda bilmədiyindən sonda karyerasını başa vurmalı olub.