Azərbaycanda oynamış slovakiyalı Millətlər Liqası haqda: "Azarkeşlərimiz üçün maraqsız qrupdu" - MÜSAHİBƏ

18:11 - 17 Dekabr 2021

İndiyə qədər Azərbaycan Premyer Liqasında çıxış etmiş slovakiyalılar çox deyil. Ölkəmizdə çıxış etmiş 4 slovakiyalıdan biri olan İvan Pyexa Sportal.az saytına müsahibə verib. “Xəzər Lənkəran” və “Rəvan” klublarında çıxış etmiş slovakiyalı Millətlər Liqasının C qrupunda Slovakiyanın Azərbaycanla eyni qrupda mübarizə aparmasından danışıb.

- Hazırda nə işlə məşğulsan? Futbolçu karyeranı başa vurmusan?
- Futbolçu karyeramı başa vurmuşam. Hazırda məşqçi kimi fəaliyyət göstərirəm. Çexiyada “Aritma Praqa”nın U-12 komandasında baş məşqçiyəm.

- Slovakiya millisinin Millətlər Liqasının C qrupunda Azərbaycanla eyni qrupda mübarizə aparacağını yəqin ki, bilirsən. Səncə, püşkatma Slovakiya üçün uğurlu keçdi?
-
Öncə onu deyim ki, Slovakiyanın C divizionuna düşməsi yaxşı hal deyil. İndi isə Slovakiya qrupda Belarus, Azərbaycan, Qazaxıstan kimi komandalarla oynayacaq. Düzünü deyim ki, fanatlarımız üçün çox maraqsız qrupdu.

- Slovakiya millisinin Azərbaycanla oyunlarda qələbə qazanmaq şanslarını necə dəyərləndirirsən? Bakıdakı qarşılaşmada Slovakiya Azərbaycana 5:1 hesabı ilə qalib gəlmişdi...
- Əlbəttə ki, Slovakiya Azərbaycana qalib gələ bilər. Ümidvaram ki, Slovakiya bu qrupu qalib başa vuracaq və əvvəlki kimi B divizionuna yüksələcək. Təbii ki, səfərdə çətin olacaq. Çünki hər bir komandanın keyfiyyəti var. Bakıdakı böyükhesablı qələbəmizi xatırlayıram. Slovakiya çox yaxşı oynayıb qalib gəlmişdi.

- Azərbaycan millisi haqda fikrin necədi?
- Düzünü desəm, hazırda Azərbaycan futbolundan uzağam. Hərdən-bir “Qarabağ”ın avrokuboklardakı nəticələrinə baxıram. Təbii ki, indi eyni qrupda olduğumuza görə, Azərbaycan millisi və onlarla oyunlar mənim üçün maraqlıdı. Belarus da həmçinin. Çünki orada da legioner kimi çıxış etmişəm.

- Ölkəmizdə az oynamamısan. Azərbaycan futbolundan ən çox xatırladığın nədir, kimdir? 
- Futbolçuları xatırlayıram. Oyunları da xatırlayıram. Nədənsə, indi "Qarabağ"da kapitan olan Maksim Medvedevi daha yaxşı xatırlayıram. Dəfələrlə rəqib olmuşuq. Digər futbolçular da xatirimdədi. Amma daha çox Maksimi xatırlayıram. 
 

Xəbər xətti