"De Byazi eyni sxem və eyni taktika ilə oynasa, nəinki 1-ci, heç 2-ci yeri də tuta bilmərik"

12:09 - 18 Dekabr 2021

"Millinin düşdüyü qrup çətindi. Deyəsən, düşə biləcək ən çətin rəqiblər elə bizə düşüb. Ancaq istənilən halda söhbət Millətlər Liqasından gedir, millinin dişinə uyğun komandalardı. Qrupdan maksimum xalla çıxmaq lazımdı. Çünki başqa şansımız da yoxdu. Qarşıya qoyulan məqsəd odu, bunu baş məşqçi də, futbolçular da bilir".

 

Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsmayılov deyib.

 

Uzun illər milli komandamızın formasını geyinmiş İsmayılov yığmamızın Millətlər Liqasındakı şanslarını dəyərləndirib. İsmayılovun fikrincə, Slovakiya, Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə eyni qrupda mübarizə aparacaq millimizin bu oyunlarda hansı nəticə göstərə biləcəyindən söhbət açıb. Bununla yanaşı o, Canni De Byazinin milli komandanın baş məşqçi postunda qalmasının özü üçün gözlənilməz olduğunu söyləyib:

 

"Açığı, Canni De Byazinin millidə qalacağını gözləmirdim. Ona görə yox ki, ötən tsikldə 1 xal qazanmışdı millidə. Çünki ortada millinin futbolu da yox idi. Ancaq rəhbərlik belə qərar verib, hər qərara hörmətlə yanaşmaq lazımdı. Bəlkə nəsə bilirlər, deyə bu cür qərar veriblər. Ola bilər onlar düşünür ki, De Byazi komandanı daha yaxşı tanıyar, daha yaxşı nəticə verə bilər. Bu da mümkündü.

Qrupdan çıxmağa gəlincə, çətin rəqiblərdi. Canni De Byazi eyni sxem və eyni taktika ilə oynasa, nəinki 1-ci, heç 2-ci yeri də tuta bilmərik. Amma ümumi götürəndə şansımız var. Azərbaycan millisi artıq formalaşıb. Futbolçular öz oyununu tapır. Sadəcə qalır oyunun tempini tutmaq. Hər komandaya qarşı xüsusi hazırlaşmaq lazımdı. İnanıram ki, millimiz qrupdan çıxacaq".

Xəbər xətti