"Neftçi", "Qarabağ" klubları ilə yanaşı Azərbaycan milli komandasının formasını geyinmiş Elvin Yunuszadə Sportal.az saytına müsahibə verib. Yaydan bu yana klubsuz qalan müdafiəçi qışda ölkə xaricinə yollanmaq niyyətindədi:
- Uzun müddətdir ki, klubsuzsan. Nəyə görə klubsuz qalmısan?
- Şanssızlıq da oldu. Zədə də aldım, Türkiyəyə müqavilə imzalamağa getmişdim, sonda klubun transfer qadağası olduğuna görə keçidim alınmadı. İlk dövrəni bu cür səbəblərə görə klubsuz başa vurdum. İstəyirəm ki, 2-ci dövrədə oynayım. Əslində, karyeramda bir dəfə də belə olmuşdu. "Qarabağ"dan ayrıldıqdan sonra yarım sezon oynamadım. Daha sonra "Sabah"a getdim. Sonra yenə oynamağa başladım, işlədim əvvəlki formama qayıtdım. 6 aydan sonra çıxdığım ilk görüş "Keşlə"yə qarşı idi və həftənin ən yaxşısı seçilmişdim. Qol da vurmuşdum. Yəni futbolçu karyerasında belə şeylər olur. Bu cür periodlar hər futbolçu da ola bilər. 2 il oynamayıb, qayıdıb oynayanlar olur. Kimisə zədə alır, kimisi klubsuz qalır. Bunları arxada qoyub, yanvardan ciddi şəkildə oynamağa başlamaq istəyirəm.
- Bu yaxınlarda sənə Hindistan klubundan təklif gəlib. Nəyə görə ora yollanmaq istəmədin?
- Təklif 1-ci liqa klubundan idi. Yeni komanda qururdular, klubun rəhbəri italiyalıdı. Açığı, heç onu tanımırdım, mənimlə kontakta keçdi, təklif etdi danışdıq. Sadəcə, bugünki gündə buradan Hindistana getmək üçün şərtlər də yaxşı olmalıdı. İnanın, təklif Avropadan olsaydı, düşünmədən gedərdim. Digər tərəfdən də fikirləşdim ki, onsuzda yanvar gəlir, "transfer pəncərəsi" açılır, özümü Türkiyədə də yoxlaya bilərəm. Yəni bütün bunları götür-qoy etdim və Hindistana getməyə müsbət baxmadım.
- Maraqlıdı, qışda ölkə xaricinə yollanmaq şansın yüksəkdi, yoxsa Azərbaycan Premyer Liqasında özünə komanda tapmağın?
- Bu haqda yanvarda nəsə deyə bilərəm. İndidən nəsə deməyim doğru deyil.
- Yəqin ki, ölkə çempionatını izləyirsən. Azərbaycan çempionatındakı mübarizə haqda ümumi fikrin necədi?Hansı komandanı çempionluğa daha şanslı görürsən?
- "Qarabağ" favorit görünür. Amma indidən nəsə demək erkəndi. Ötən mövsüm gördünüz, "Neftçi" son turda gəlib çempion oldu. Özü də komandaların heç biri digərinə asanlıqla uduzmur, hamı yaxşı mübarizə aparır. Özü də hələ ki, mövsümün ilk yarısı başa çatıb. "Zirə"nin çıxışını bəyənirəm, "Qəbələ"nin özü də yaxşı oynayır, "Neftçi"də də çox yaxşı kollektiv yaradılıb. Həqiqətən də bu mövsüm çempionat maraqlı gedir. Favorit isə əlbəttə ki, "Qarabağ"dı.
- Sabiq komandan “Qarabağ” Konfrans Liqasının qrupundan çıxdı. İsveçrədə "Bazel"lə keçirilən görüşdə ağdamlıların vurduğu qolu Fran Yoviç qeydə almadı. Səncə, xorvatiyalı hakim nəyə görə bu cür qərar verdi?
- "Qarabağ"ın Bakıda da, İsveçrədə də qələbəyə tam layiq idi. Səfərdə 0:3 uduzsalar da, sözümdə qalıram. "Qarabağ"ın təmiz qolunu qeydə almadılar. Halbuki təmsilçimiz "Bazel"i oyunboyu üstələdi. "Qarabağ" hesabdan savayı, hər şeydə "Bazel"dən üstün idi. Matçın qırılma nöqtəsi də Yoviçin Abdulla Zubirin qolunu qeydə almaması idi. Münasibət həmişəki kimidi. "İnter"lə Bakıdakı görüşdə Riçard Almeydanın vurduğu təmiz qolu da saymamışdılar. Bizə qarşı haqsızlıq həmişə olub. Ancaq "Qarabağ" bütün haqsızlıqlara üstün gələcək kollektivə malikdi.
- "Qarabağ"ın potensial rəqibləri arasında “Fənərbaxça”, “Rapid”, PSV, “Lester” kimi komandalar var idi. Təmsilçimizin bəxtinə "Marsel" düşdü. Necə fikirləşirsən, "Qarabağ" fransızları məğlub edib mərhələni keçə biləcək?
- Doğrudu, püşkatmada düşə biləcək klubların içərisində ən güclüsü düşdü. Amma inanıram ki, "Qarabağ" "Marsel"i də keçə biləcək gücdədi. Allah qoysa, keçərlər. "Qarabağ"ın adı, uğuru bütün Azərbaycanın uğurudu. Nə qədər irəliyə getsələr, mən də daxil olmaqla hər bir azərbaycanlı buna sevinəcək. Həm də göstərdikləri oyunla, nizam-intizamla, hər şeylə buna layiqdilər. Düzdü, çox çətin rəqibdi. "Marsel" hazırda Fransa Liqasında PSJ-dən sonra 2-ci pillədədi. Amma "Qarabağ" bunu bacara bilər, keçə bilər "Marsel"i.