"Gələcək haqda çox düşünmürük, addım-addım irəliləmək niyyətindəyik" - MÜSAHİBƏ

16:18 - 18 Dekabr 2021

“Qəbələ”nin monteneqrolu legioneri Stefan Vukçeviç Sportal.az saytına müsahibə verib:

- “Qəbələ” ilin son görüşündə, Premyer Liqanın 14-cü turunda “Neftçi” ilə 1:1 bərabərə qaldı. Özünüz üçün yaxşı nəticə hesab edirsən bunu?
- “Neftçi” ilə matçda “Qəbələ” ən yaxşı oyununu sərgiləmədi. Məncə, rəqib daha yaxşı oynadı. Amma ümumilikdə 1 xaldan razı qaldıq.

- Bu mövsüm son ölkə çempionu olan “Neftçi” “Qəbələ”yə qalib gələ bilməyib. Bunu özünüz üçün xüsusi nəticə hesab edirsiz?
- Əlbəttə ki, bu çox yaxşı haldı. Ümumiyyətlə, uduzmamağımız bizi sevindirir.

- Qışdan sonra “Qəbələ”nin 2-ci pillədə qalacağına inanırsınız?
- Biz ilk yarını çox yaxşı keçirmişik. Bu nəticəyə layiq idik. Amma bu, hələ işimizin yarısıdı. Qarşıda bizi mövsümün daha çətin 2-ci yarısı gözləyir. “Qəbələ”yə inanıram. Bizə heç bir təzyiq yoxdu. Biz gələcək haqda çox düşünmürük, yalnız addım-addım irəliləmək niyyətindəyik. Görək də nə qədər irəliləyəcəyik.

- Ötən mövsüm də komandada yer almışdın. Komanda ötən mövsüm 7-ci pilləni tuta bilmişdi. Bu mənada, mövsüm əvvəlində bu mövsüm uğurlu çıxış edəcəyinizi ehtimal edirdin?
- Doğrudu, ötən mövsüm 7-ci pilləni tutmuşduq. Amma bu, “Qəbələ”nin layiq olduğu yer deyildi. Ümid edirəm ki, bu mövsüm həmin nəticəni düzəldəcəyik.

- Azərbaycan çempionatında cəmi 8 komandanın mübarizə aparması tez-tez müzakirələrə səbəb olur. Sənin özün üçün necə, bu cür liqada mübarizə aparmaq maraqsız gəlmirki?
- Çempionat maraqsız deyil. Amma siz deyən məsələ ilə bağlı mənim danışmağım doğru olmaz. Çünki bu suala necə cavab verəcəyimi bilmirəm.

- Qışda “Qəbələ”dən ayrılacaqsınız, yoxsa komandada qalacaqsınız?
- Qışda “Qəbələ”dən ayrılmayacam. Çünki burada özümü yaxşı hiss edirəm. Digər futbolçuların olduğu kimi mənim də baş məşqçi ilə münasibətim yaxşıdı. Son vaxtlarda isə layiq olduğum qədər oynayıram.

Xəbər xətti