“Slovakiya millisindəki çıxışımı artıq başa vurmuşam. Amma millini daim izləyirəm. Hər halda ölkəmin 1 nömrəli komandası mənim üçün daim maraqlıdı. Millətlər Liqasındakı püşkatmadan xəbərdaram. Slovakiyanın yaxşı qrupa düşdüyünü düşünürəm”.
Bu sözləri Sportal.az saytına açıqlamasında Mixal Duriş deyib.
2012-2021-ci illər arasında Slovakiya millisində 59 oyun keçirib 7 qol vurmuş Duriş millisinin 2019-cu ildə Bakıda 5:1 hesablı qələbəsini xatırlayıb: “Doğrudu, həmin vaxtı milli komandada çıxış edirdim. Sadəcə həmin oyun ərəfəsində zədələnmişdim. Ona görə oynaya bilmədim. Ancaq 5:1 hesablı qələbəmizi yaxşı xatırlayıram”.
Konfrans Liqasının H qrupunda “Omoniya”nın heyətində “Qarabağ”a qarşı oynamış 33 yaşlı futbolçu həmin oyun haqda danışarkən, Ağdam klubunun müdafiəçisi Abbas Hüseynovu da xatırlayıb.
“Təbii ki, “Qarabağ”a qarşı oyunlar çox yaxşı alındı. Hər 2 oyun da gərgin keçmişdi. Doğrudu, həmin oyunda Abbas Hüseynovla epizodumuz oldu. Matçdan sonra onunla görüşdük, söhbət etdik. Abbas Hüseynov çox yaxşı futbolçu və çox yaxşı oğlandı. Ona böyük hörmətim var. Elə matçdan sonra onunla formamızı dəyişdik”.