Azərbaycan milli komandası, "Neftçi" və "Qəbələ" klublarında çıxış etmiş, hazırda klubsuz olan Amit Quluzadə Sportal.az saytına müsahibə verib. Ən çox xarici klublarda çıxış etmiş azərbaycanlılar sırasına başçılıq edən Quluzadə klubsuz qalması haqda danışıb:
- Son dəfə Moldovada "Milsami" forması geyinmişdin. Oradan qayıtdıqdan sonra özünə klub tapmamağını nə ilə əlaqələndirirsən?
- "Milsami"dən ayrılandan sonra pandemiya daha da geniş büsat aldı. Konkret variantlar var idi. İsrail, Bolqarıstandan təkliflər almışdım. Bolqarıstandan "ÇSKA 1948" klubu məni istəyirdi. Təəssüf ki, viza məsələsi alınmadı. Ən real variantlardan biri də Şimali Makedoniyadan idi. Həmin ölkənin tanınmış klublarından biri məni heyətə qatmaq istəyirdi. Bunu baş məşqçi şəxsən istəyirdi. Çünki o, məni Kosovadan tanıyırdı. Klub İtaliyaya futbolçu satmışdı və külli-miqdarda pul qazanmışdı. Həmin futbolçu tibbi baxışdan da keçmişdi. Bu kluba keçidim gündəmdə olan vaxtı, həmin futbolçunun keçidi son anda baş tutmadı. Buna əsəbləşən klub rəhbəri, transferləri qadağa etdi. Buna görə də keçidim baş tutmadı. Asiya ölkələrindən də təklifim var idi. Evdən də istəmədilər gedim. Çünki pandemiya idi. Çox uzaq idi. Qərar verdim ki, qışa qədər gözləyim. Bəlkə qışda real variant oldu. Yeri gəlmişkən, Yunanıstandan "Apollon Larissa"ya keçə bilərdim. Onda da viza problemi çıxdı.
- Köməklik üçün AFFA-ya müraciət etmişdin?
- Sözün düzü, utandım müraciət etməyə. Çünki bundan əvvəl 2-3 dəfə mənə kömək etmişdi viza məsələsində. AFFA-ya müraciət etmişdim. Sağolsun, Elxan Məmmədov kömək olmuşdu. Hər dəfə AFFA-ya viza açmaq üçün müraciət etməyə utandım. Ona görə müraciət etmədim.
- İndiyə qədər azərbaycanlı futbolçular arasında ölkə xaricində ən çox legioner həyatı yaşamış futbolçusan. Səncə, bu qədər legioner həyatı yaşasan da, hansısa klub sənin üçün daha tanınmış kluba keçməyin üçün trapmlin rolunu oynamayıb?
- Bu sualın cavabı əslində çox genişdi. Bunu bir müsahibəyə sığdıra bilmərəm. Karyeramın əvvəlində Türkiyəyə getmişdim. Futbolçunu gərək düzgün yönəldəsən. Onda çox cavan idim və çox şeyi başa düşmürdüm. Gənc vaxtlarında Türkiyə variantı heç də pis variant deyildi. Özüm də bəzi yalnışlıqlara yol verdim. Ondan sonra da qarşıma fürsətlər çıxdı. Elə şeylər var ki, onlar haqda insanlara başa salmaq çətindi. Ki, insanın başına nələr gələ bilir. Yunanıstana getdim və gedən kimi "Olimpiakos", AEK-ə qarşı oynadım, yaxşı çıxış etmişdim. Özüm də çox həyəcanlıydım ki, belə davam etsəm, daha böyük klublara keçə bilərəm. Təəssüf ki, baş məşqçi istefa verdi, getdi. Ondan sonra heç bir oyunda şans qazanmadım. Halbuki oynadığım oyunların hamısında özümü yaxşı tərəfdən göstərə bilmişdim. Bundan əlavə də bəzi məsələlər var ki, onlar haqda danışsam çox vaxt aparacaq. Ona görə o haqda danışmaq istəmirəm.
- Türkiyə, Portuqaliya, Yunanıstan, Kosovo, Bosniya və Moldova. Bu ölkələrdə başına gələn ən maraqlı hadisə hansı olub?
- Yenə deyirəm, məndə bununla bağlı o qədər mövzu var. Həyatımın böyük hissəsini xarici ölkələrdə olmuşam, elə şeylər yaşamışam, elə şeylər görmürəşəm ki, müsahibəyə sığdırmaq çətindi. Futbolda və futboldan kənar inanılmaz hadisələr yaşamışam. Özümü bu baxımdan şanslı sayıram ki, bu qədər təcrübə qazanmışam. Bu xoşdu. Sadəcə bunu bir müsahibəyə sığdırmaq çətindi.
- Yetirməsi olduğun "Neftçi" ötən mövsüm çempion oldu. Bu mövsüm çempionluq mübarizəsində olsalar da, "Qarabağ"dan 11 xal geri qalır. Onların çıxışını necə dəyərləndirirsən?
- "Neftçi" haqda çox şey danışmaq olar. Sadəcə mənim nəsə deməyim artıq olar. Bu kluba həmişə borcluyam. "Neftçi" məni futbola atılmağımda böyük rol oynayıb. Ona görə həmişə bu kluba minnətdar olacam. Hazırki durumuna gəlsək, mövzu çoxdu. Danışsam, nəsə desəm, konflikt olar, kimlərinsə xoşuna gəlməz. Əslində, bu, mənim üçün çox da önəmli deyil. Sadəcə kənardan izləyirəm. Bu gün üçün bir söz demək vaxtı deyil.
- Maraqlıdı, karyeranı başa vurduqdan sonra ən azından ölkə xaricində çox oynadığına görə, əlaqələrini nəzərə alsaq, futbol agenti kimi çalışmaq fikrin var? Yerli futbolçuları ölkə xaricinə çıxarmaq mənasında...
- Özümün də belə fikri var. Sadəcə olaraq, hələ vaxt var, fikirləşmək olar. Amma futbolçu karyeramı başa vurduqdan sonra daha çox məşqçilik etmək istəyirəm. Görək karyeramız hansı yöndə irəliləyəcək.
- Səncə, Azərbaycan klublarının sənə ehtiyac duymaması nə ilə bağlıdı?
- Bu suala geniş cavab vermək istəyirəm. Mən də daxil olmaqla, futbolçularımız var ki, Azərbaycanda özünə klub tapmayıb. Həmin futbolçuların özündə də böyük günah var. Özümü də onların içinə qatıram. Bugünki gündə Premyer Liqaya baxaq. Əgər, bugünki çempionatda hansısa klubda oynamıramsa, mənim o qədər də böyük günahım yoxdu. Çempionata baxsaz, özünüz başa düşəcəksiz. Azərbaycanlıları kənara qoyuram, legionerləri götürək. Elə futbolçu var ki, 2 metrə ötürmə verə bilmir. Ötürmə vermək bir kənara, normal qaça bilmir. Onlar necə gəlib Azərbaycanda oynayır? Əslində, necə baş verdiyini bilirəm. Önəmli deyil legioner gəlsin və Azərbaycanda "söksün". Heç olmasa o, legioner olduğunu hiss etdirməlidi, lap xarici görünüşü ilə belə olsa. Ayağı top tutmayan futbolçu necə gəlib Azərbaycanda oynayır? Özü-özümə analiz edirəm. Gəlirsə, heç olmasa futbol oynaya bilən gəlməlidi. Onların pərdə arxasında nə olduğunu yaxşı bilirəm. Kimlərin nə iş gördüyünü də yaxşı bilirəm. Həmin söhbətlərə girsəm, böyük vaxt lazım olacaq. Futbol oynayım deyə, kiməsə yaltaqlıq edib, yalvaran deyiləm. Nə deyirlər, başımı aşağı salım, əsas odur futbol oynayım? Heç vaxt etmərəm. Lazım olsam oynayaram, olmasam da nəyəsə ehtiyacım yoxdu. Lap ehtiyacım olsa belə, problemlərim varsa belə, şəxsiyyətimi "sındırıb" heç kiməsə yalvaran deyiləm. Deməyəcəm ki, "məni komandaya götür". Bəzi futbolçular oynamaq, bəzi məşqçilər işləmək üçün elə yollara əl atır ki, görürəm, eşidirəm, onların əvəzinə özüm utanıram. Tüpürüm o pula ki, futbol oynayasan deyə, şəxsiyyətini alçaldırsan. O mənlik deyil, kim edir özü bilər. Heç vaxt o şeylərə getməyəcəm. Lazım olaram oynayaram, lazım deyiləm heç kimə yalvarmayacam. Klublarımızın lap pullu vaxtlarında, səviyyəli legionerlər gəlirdi, amma mən oynayırdım. İndi guya bu çempionatda oynaya bilmirəm? Hər şey göz qabağındadı, Allah görür. Futbola görə narahat deyiləm.