"Azərbaycana gəldikdən 1 il sonra millidəki çıxışımla bağlı söhbətlər olmuşdu, Berti Foqts gəldi və məndən imtina etdi" - MÜSAHİBƏ

11:59 - 26 Dekabr 2021

"Qəbələ"nin sabiq kapitanı Lyuba Baranin Sportal.az saytına müsahibə verib.

Serbiyalı Azərbaycandakı çıxışını xatırlayıb və bölgə klubunun bu mövsümki çıxışını dəyərləndirib:

- Futbolçu karyeranı başa vurmusan? 
- Bəli, futbolçu karyeramı 1 il əvvəl başa vurmuşam. İndi də məşqçi kimi çalışıram. Belqradda futbol akademiyaların birində məşqçi kimi fəaliyyət göstərirəm.

- Deyəsən, futbol da oynayırsan. Hətta Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiçlə komanda yoldaşısan...
- Bəli, hazırda həvəskar liqada oynayırıq. Oynadığım komanda yeni yaradılıb. Biz də bu komandaya kömək edirik. 3-4 ildən sonra klub daha yaxşı səviyyədə olacaq.

- Azərbaycan çempionatı ilə necə, maraqlanırsan?
- Əlbəttə ki, Azərbaycan futbolu maraqlıdı. Azərbaycan çempionatı hər zaman mənə maraqlı gəlir. Amma düzünü deyim ki, oyunları izləyə bilmirəm. Sadəcə turnir cədvəlinə baxıram.

- “Qəbələ” hazırda əvvəlki büdcəyə sahib olmasa da, turnir cədvəlinin 2-ci pilləsindədi. Onların bu mövsümki çıxışını necə dəyərləndirirsən?
- Bilirəm ki, hazırda komanda fərqli işləyir. Pul ən vacib olan məsələ deyil. Çünki pul nəticə gətirmir. Əsas olan ortaya qoyulan işdi.

- Hazırda Azərbaycanda cəmi 2 serbiyalı legioner çıxış edir. Nemanya Andelkoviç və Voyislav Stankoviçi nəzərdə tuturam. Əvvəl isə Serbiyadan daha çox legioner çıxış edərdi. Səncə, indi nəyə görə serbiyalılar Azərbaycanda çox deyil?
- Bu suala necə cavab verəcəyimi bilmirəm. Serbiyalılar hər zaman Azərbaycanda yaxşı oynayıb, özünü yaxşı tərəfdən göstərib. Ola bilər ki, hazırda bizimkilər daha çox Asiyaya yollanır.

- 4 ilə yaxın Azərbaycanda oynamışdın. Azərbaycan pasportuna yiyələnərək millidə oynamaq şansın var idi?
- Doğrudu, Azərbaycanda uzun illər oynadım. Ora gəldikdən 1 il sonra Azərbaycan millisindəki çıxışımla bağlı bəzi söhbətlər olmuşdu. Həmin vaxtı millinin baş məşqçisi yerli idi. Sadəcə, adını xatırlamıram. Daha sonra millinin baş məşqçi postuna Berti Foqts gəldi və məndən imtina etdi.

- Ötən mövsüm “Neftçi” çempion olsa da, son illərdə “Qarabağ” Azərbaycanda hegemonluq edir. Səncə, onlar bunu necə bacardı?
- Bəli, “Neftçi”nin çempion olmasından xəbərdaram. “Neftçi” hər zaman Azərbaycanın brend komandası olub. Ona görə də onların çempion olması mənim üçün gözlənilməz deyildi.

Xəbər xətti