Vətən müharibəsi zamanı yazdığı sosial şəbəkələrdə paylaşdığı statusa görə, UEFA tərəfindən futboldan uzaqlaşdırılan “Qarabağ”ın sabiq mətbuat katibi Nurlan İbrahimov Sportal.az saytına açıqlama verib.
UEFA-nın qərarı ilə razılaşmayan və bundan CAS-a (Beynəlxalq Arbitraj Məhkəməsi) müraciət edən İbrahimovun məsələsilə bağlı qərar yanvarın 27-nə qədər uzadılıb. O, məlum məsələ haqda bu cür danışıb:
“CAS-ın qərarını açıqlamasını uzatması hardasa gözlənilən idi. Belə baxanda, əlehimizə verilməyən hər hansı qərar bizim doğru yolda olduğumuzun göstəricisidi. Əgər qərar birmənalı doğru olsaydı, CAS məsələni 4 ay uzatmazdı, qərarı qüvvədə saxlayardı. CAS müstəqil qurumdu, dəfələrlə alınmış qərarlarını dəyişdiyinin şahidi olmuşuq. Amma bu hər kəsə aydındır ki, UEFA tərəfindən verilən cəza hüquqi deyil, siyasidi. Bu qərarın arxasında kimlərin durduğunu hər kəs bilir”.
Nurlan İbrahimov, Qurban Qurbanovun bu yaxınlarda “Nurlan İbrahimovun sıralarımıza qayıtmasını istəyirəm" söyləməsinə münasibət bildirib. “Qarabağ”ın sabiq mətbuat katibi 13 il birlikdə çalışdığı baş məşqçisinin fikirləri haqda bunları deyib:
“Daha öncə də bildirdiyim kimi, Qurban Qurbanov son 1 ildə mənə ən böyük dəstək göstərən şəxslərdəndi. Onun verdiyi və gizli qalmasını istədiyim dəstəyini heç vaxt unutmayacam. Bir daha ona məlum açıqlamasına görə, təşəkkür edirəm. Mənim CAS-da mübarizəmin əsas məqsədi verilmiş ədalətsiz qərarın dəyişdirilməsinə çalışmaqdı.
Hədəfim “Qarabağ” və ya hər hansı klubda mətbuat katibi olmaq yox, Azərbaycan vətəndaşı olaraq haqsızlığa qarşı hüquqlarımın bərpasına çalışmaqdı. Hər kəsə bəllidir ki, verilmiş cəzanın analoqu yoxdu. Bunu dünyanın fərqli yerindən olan hüquqşünaslar da təsdiqləyir. 1 ildən çoxdur ki, bu yolda vəkilim Fərid Haqverdiyevlə birlikdə mübarizə aparırıq. İnanıram ki, sonda ədalətli bərqərar olacaq”.