"Neftçi" və "Qarabağ"a qarşı oynamaq asan deyil, Azərbaycan çempionatında hər oyun çətindi" - MÜSAHİBƏ

12:04 - 29 Dekabr 2021

“Zirə”nin legioneri Loris Broqno Sportal.az saytına müsahibə verib. Uğurlu yay transferlərindən olan yarımmüdafiəçi komandasının ölkə çempionatındakı çıxışı barədə danışıb.

- "Zirə" ölkə çempionatının ilk yarını turnir cədvəlinin 4-cü pilləsində başa vurdu. Səncə, daha yaxşı nəticə qazanmaq olardı?
- Mövsümün ilk yarısını 4-cü pillədə başa vurmağımız normal nəticədi. Digər komandalarla xal fərqimiz çox deyil. Əlbəttə ki, daha yaxşısını edə bilərik. Ona görə də mövsümün növbəti oyunlarına hazırlaşmaq üçün yanvarda təlim-məşq toplanışı keçəcəyik.

- Çempionatın ilk yarısındakı öz performansını necə dəyərləndirirsən?
- 4 assist və 3 qolum var. Məncə, pis deyil. Lakin komandaya daha çox kömək etmək istəyirəm. İndi ailəmlə  birlikdə dincəlirəm və bundan sonra özümü hazırlamaq üçün Antalyaya gedəcəm.

- Azərbaycan Premyer Liqasının səviyyəsi barədə fikrin necədi? Səncə, liqanın səviyyəsi normaldı, yoxsa daha güclü olacağını ehtimal edirdin?
- Azərbaycan Premyer Liqası çox yaxşı səviyyədədi. Yaxşı intensivlik oyunçular üçün çox vacibdi. Hər komandada keyfiyyətli futbolçular var.

- Necə düşünürsən, "Zirə" mövsüm sonunda avrokuboklara vəsiqə qazana biləcək?
- Məqsədlərimizə çatmaq üçün hər gün çalışırıq. Avrokubok oyunları oynamaq hər kəsin arzusudu. Bunu edə bilərik. Çünki Azərbaycan Premyer Liqasını tanıyan yaxşı məşqçi ilə komandada keyfiyyətli oyunçularımız var və bu çox vacibdi. Daha 14 oyun var və ondan sonra biz "üçlük"də olub-olmayacağımızı görəcəyik. Ümid edirəm ki, istəyimizə nail olacağıq

- Azərbaycan Premyer Liqasında çempionluq mübarizəsi daha çox "Neftçi" və "Qarabağ" klubları arasında gedir. Onlarla oynamaq, çempionluq mübarizəsi aparmaq çox çətindi?
Bu 2 komandanın yaxşı oyunçuları var və onlar birlikdə uzun müddət oynayır. Buna görə hamı bir-birini tanıyır. Bəli, "Neftçi" və "Qarabağ"a qarşı oynamaq asan deyil. "Qəbələ" və "Sabah"a qarşı oynadığımız zaman da çətinliklər olur. Azərbaycan çempionatında hər oyun çətindi.

- Belçika və Niderlandda oynamısan. Azərbaycan Premyer Liqası həmin ölkələrdən çox fərqlənir?
Fərq oyunu idarə etməkdədi. Belçikada 1:0 hesabı ilə qalib gələndə topa sahibliyimizi saxlayırıq, hücuma getmirik, sadəcə bir neçə dəqiqə gedirik. Azərbaycanda mümkün qədər çox qol vurmaq istəyirik. Mən hücumçu kimi bu mentaliteti bəyənirəm. Avropada intensivlik bir qədər eynidi.

Xəbər xətti