Ölkə klublarına gələn bəzi futbolçuların maaşlarının AFFA tərəfindən ödənilməsinə dair məlumatlara bir ara tez-tez rast gəlinirdi. Bu, əsasən milli komandamızın üzvü olan və ya millidə çıxış etmək potensialına malik futbolçularla bağlı hallar idi.
Sportal.az-ın əldə etdiyi məlumata görə, “Sumqayıt”ın yeni çalışdırıcısı Aleksey Baqanın maaşının bir hissəsi AFFA tərəfindən ödəniləcək. Belə ki, aylıq 10 min dollar məvacibə anlaşan belaruslu mütəxəssis bu pulun yarısını federasiyadan alacaq. Çempionatın ortabablarından olan kluba əcnəbi məşqçinin gətirilməsi nə qədər gözlənilməz qərar oldusa, onun maaşının bir hissəsinin federasiya tərəfindən ödənilməsi də bir o qədər təəccüb doğurur. Kuluarlarda danışılanlara inansaq, “Sumqayıt” Baqa üçün milli komandaya tramplin rolunu daşıyacaq. Burada özünü göstərə bilsə, De Byazidən sonra millinin sükanı belaruslu məşqçiyə tapşırılacaq.
Redaksiyamıza daxil olan daha bir məlumata görə, “Sumqayıt”ın prezidenti Riad Rəfiyevlə Aleksey Baqa köhnənin tanışlarıdır. Rəfiyev onu bir neçə il əvvəl U-21 millimizin baş məşqçisi postuna gətirmək istəsə də, o vaxt bu izdivac baş tutmamışdı.
Qeyd edək ki, “Sumqayıt” Aleksey Baqa ilə 2,5 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi