İl yarımdan çoxdur ki, işsizdir. Çalışdığı yerlərdə ortaya səmərəli iş qoymağına baxmayaraq, ölkə klubları bu müddət ərzində onun personasına maraq göstərməyib. Belə bir durumda Tərlan Əhmədovun bir neçə ay əvvəl birdən-birə milli komandanın baş məşqçisi postuna əsas namizədlərdən biri kimi göstərilməsi yəqin ki, özü üçün də gözlənilməz olmuşdu.
Futbol həyatı durğunluqla keçən birinin hər hansı kluba deyil, ölkənin əsas komandasına rəhbərlik etmək ehtimalı həm maraqlı, həm də müəmmalı hadisə idi. Xüsusən də, Tərlan bəyin namizədliyinin AFFA-da çalışan veteranlar tərəfindən ortaya atılması gedişata olan diqqəti artırırdı. Hamı bilir ki, çörəyi federasiyadan çıxan futbol adamları icraçı vitse-prezident Elxan Məmmədovun məlumatı və icazəsi olmadan hər hansı təşəbbüslə çıxış eləyəsi deyillər.
Elxan Məmmədovun həmin ərəfədə Tərlan Əhmədovu 50 yaşı tamam olması ilə bağlı təbrik etməsi də gələcək əməkdaşlığa zəmin kimi görünürdü. Deyilənlərə görə, Tərlan bəyi dəstəkləyən veteranlar onu milli komandaya rəhbərlik edəcəyinə inandıra bilmişdilər.
Nəticədə milli nə Əhmədova, nə də digər yerli məşçqiyə yox, yığmamızda birabırçı nəticələrlə yadda qalan De Byaziyə tapşırıldı. Acı reallığın gözlənilən sonu...
Ayxan Abbasovun istefaya göndərilməsindən sonra ehtimal etmək olardı ki, milliyə gətirilməyən Tərlan Əhmədovu heç olmasa “Sumqayıt”a baş məşqçi təyin edərlər. Lakin bu dəfə də ona yox, əcnəbiyə güvəndilər. Bunu da hamı yaxşı bilir ki, AFFA-nın kurasiyasında olan “Sumqayıt”a Elxan Məmmədovun icazəsi olmadan əcnəbi gətirilə bilməzdi.
Tərlan Əhmədovla bağlı durğunluq isə davam edir. Nə onu daha AFFA-ya dəvət edən var, nə də adını çəkən. Əcəba, Tərlan bəyin milli səviyyəsində yada düşüb, klub səviyyəsində unudulmasının arxasında kim və nə dayanır(dı)?
saytlarin hazirlanmasi