Ötən qış “Samtrediya”dan “Keşlə”yə keçən Nicat Qurbanov Sportal.az saytına müsahibə verib. Yarımmüdafiəçi paytaxt klubunda ayrılmasından danışıb.
- “Samtrediya”dan ayrıldıqdan sonra “Keşlə”yə keçmişdin. Bakı klubundakı 1 illik karyeranı necə dəyərləndirirsən?
- “Keşlə”dəki karyeramı 2 hissəyə bölərdim. Birinci altı ayı normal keçirdim. Düzdü, mən Yunis Hüseynovun vaxtında gəlmişdim komandaya. Təbii ki, gözləntilərim başqa cür idi. Ancaq baş məşqçi dəyişikliyi məndən asılı olmayan məsələdi. İkinci altı ay futbolçulara arzu etməyəcəyim tərzdə keçdi.
- Səncə, nəyə görə əsas heyət üzvlərindən ola bilmədin? Yəqin ki, özün də fərqli karyera gözləyirdin “Keşlə”də?
- Məsələ haqda təkcə onu deyə bilərəm ki, mövqeyimdə oynayan heç bir futbolçudan zəif deyildim. Sadəcə baş məşqçinin qərarı belə oldu. Heç nə edə bilməzdim.
- Klubla müqavilən başa çatdı. Yeni müqavilə təklifi olacağını ehtimal edirdin?
- Xeyr, klubun mənə yeni müqavilə təklif edəcəyini ehtimal etmirdim. Çünki oynamırdım. Bilirdim ki, qışda komandadan ayrılacam.
- Sənan Qurbanovun sənə yetərincə şans verdiyini düşünürsən?
- Əlbəttə ki, yox.
- Qışda futbolçular üçün klub tapmaq çətin olur. Maraqlıdı, sənin üçün də çətin olacaq, yoxsa artıq hansısa klubla danışıqlara başlamısan?
- Doğrudu, qışda komanda tapmaq çox çətindi. Vaqif Heydərli bu məsələ ilə məşğul olur. Mənə sadəcə gözləmək qalır.
- Yenidən Gürcüstana yollanmaq necə, sənin üçün real variantdı? Gürcüstan çempionatında oynamısan, orada oynayanda diqqətləri üzərinə çəkə bilmişdin..
- Əlbəttə ki, realdı. Amma səbirli olmaq lazımdı. 1-2 həftəyə karyeramla bağlı məsələyə aydınlıq gələcək.
saytlarin hazirlanmasi