"Kollektivdə əvvəl də mehribançılıq var idi, sadəcə nəticələrimiz uğurlu deyildi" - MÜSAHİBƏ

21:44 - 7 Yanvar 2022

“Sabah”ın müdafiəçisi Slavik Alxasov Sportal.az saytına müsahibə verib. Təcrübəli futbolçu komandasının çempionatdakı çıxışını dəyərləndirib:

- Artıq komanda hazırlığa başlayıb. İstirahəti istədiyin kimi keçirə bildin? Harada keçirdin?
- Bəli, 2 gündür ki, məşqlərə start vermişik. İstirahəti rayonda olmuşam. Valideynlərimlə birlikdə keçirdim istirahətimi.

- “Sabah” ölkə çempionatının ilk yarısını 5-ci pillədə başa vurub. İlk yarıdakı çıxışınızı necə dəyərləndirirsən? Səncə, daha yaxşı oynaya bilərdiz?
- Əslində, çempionatın ilk yarısında yaxşı oyunlarımız da oldu, pis oyunlarımız da. Ancaq ümumi götürsək, normal alındı. İnanıram ki, 2-ci yarıda daha da uğurlu olacaq.

- Necə düşünürsən, “Sabah”ın qışdan sonra daha yaxşı nəticə qazanması üçün heyət baxımdan çox dəyişikliyə ehtiyacı var?
- Biz məşqlərdə maksimum çalışırıq. İstəyirik ki, oyunumuzu daha da gücləndirək. Dəyişiklik barədə heç nə deyə bilmərəm. Rəhbərlik, məşqçi heyəti var, həmin işlərə baxan onlardı. Mənim bu haqda nəsə deməyim doğru deyil.

- “Sabah”ın avrokubok şansını necə dəyərləndirirsən? Səncə, komanda avrokuboklara vəsiqə qazana bilməsə mövsümü uğursuz hesab etmək olar sizin üçün?
- Hələ biz heç nə etməmişik. İndin özündə də şansımız var. Çalışacağıq ki, avrokuboklara vəsiqə qazanaq. Sona qədər mübarizə aparacağıq.

- Murad Musayevin baş məşqçi postuna gəlişi komandada nəyi dəyişib? 
- Komandada atmosfer yaxşıdı, ab-hava əladı, kollektivdə mehribançılıq var. Əslində, bundan əvvəl də belə idi. Sadəcə nəticələrimiz uğurlu deyildi.

- "Sabah" üçün çempionatın ilk yarısında ən uğurlu və uğursuz oyun hansı idi?
- Çətin sualdı. Belə deyim də, qalib gəldiyimiz oyunlar ən yaxşı, uduzduqlarımız ən uğursuz idi.

Xəbər xətti