Azərbaycan milli komandasının keçmiş hücumçusu Elşən Məmmədov Sportal.az saytına müsahibə verib.
Veteran futbolçu milli komanda, ölkə çempionatı, çempionluq mübarizəsi haqda danışıb:
- Azərbaycan milli komandasının baş məşqçi postunda dəyişiklik olmadı. Canni De byazinin postunda qalmasını ehtimal edirdiniz?
- Milli komanda bizim yaralı yerimizdir. Ötən il də Azərbaycan yığması yaxşı çıxış edə bilmədi, 1 xalla qrup sonuncusu oldu. Ona görə da hamımız məyusuq. Milli komandanı hər zaman yüksək yerlərdə görmək istəyirik. Düşünürəm ki, millinin keçirdiyi oyunlar çox uğursuz oldu, komandamız ümidləri doğrultmadı. Ümid edirəm ki, Millətlər Liqasında yığmamız istədiyi oyunu göstərəcək. Qrupumuzdakı komandalar o qədər də güclü deyillər, oynamaq olar.
- AFFA rəhbərliyi De Byazinin qarısına Millətlər Liqasında uğur qazanmaq tələbi qoyulub. Necə düşünürsünüz, milli De Byazi ilə Millətlər Liqasında uğur qazana biləcək?
- Çoxları düşünürdü ki, uğursuz nəticələrdən sonra Canni De Byazi istefaya göndəriləcək. Amma AFFA italiyalı mütəxəssisə işini davam etdirmək üçün şans verdi. Futbolçularla uzun müddətdir ki, çalışır. Mənə elə gəlir ki, Millətlər Liqasında nəticə qazanmaq olar. Zaman keçdikcə məşqçi futbolçuları yaxşı tanıyır, kimin nəyə qadir olduğunu bilir. Ona görə də düşünürəm ki, Millətlər Liqasında nəticələr yaxşı olmalıdır.
- Yeni ildən sonra diqqətçəkən məsələlərdən digəri də "Neftçi"nin transferləridi. Eddi İsrafilovun "ağ-qaralar"a keçidi neqativ qarşılanır. Həm onun millidəki pul məsələləri, həm də Vətən müharibəsi zamanı mövqe göstərməməsi. Üstəlik 6 aydır futbolsuzdu. Səncə, Eddi "Neftçi"də uğurlu ola bilər?
- "Neftçi" Eddi İsrafilovla Azər Salahlını transfer edib. Məncə bu "ağ-qaralar"ın gücünə güc qatacaq. İkisi də yaxşı futbolçudur. Düzdür Eddi bir neçə aydır futboldan kənar qalıb, oynamır. Amma çempionat başlayana kimi hazır olmaq üçün hələ zaman var. Düşünürəm ki, Eddi İsrafilov təlim-məşq toplanışından sonra formaya düşəcək və "Neftçi"yə kömək edəcək.
- Səncə, "Neftçi"nin yeni transferlərə yenə ehtiyacı var? Romen Bask da getdi komandadan...
- Klublarda çox böyük dəyişikliklər görmürəm. Sözsüz ki, "Neftçi"nin yenə transferlərə ehtiyacı var. Paytaxt klubu hücumçu transfer etsə, yaxşı olar. Düşünürəm ki, müdafiə xəttində yetərincə futbolçu var, amma "Neftçi" hücumda çətinliklər yaşayır. Komandanın bitirici hücumçuya ehtiyacı var.
- "Qarabağ" "Neftçi"dən 11 xal öndədi. Necə düşünürsünüz, "Neftçi" çempionluq mübarizəsində "Qarabağ"a çata biləcək?
11 xallıq fərqi aradan qaldırmaq "Neftçi" üçün çox çətin olacaq. Çünki, "Qarabağ" da güclənir. Rəqibə yaxınlaşıb fərqi aradan qaldırmaq çox çətindir. Hər iki komandaya uğurlar arzu edirəm. Çempionatımızda iddialı komandalar nə qədər çox olsa, o qədər maraqlı olar. Bu mövsüm "Qəbələ" də yaxşı oyun nümayiş etdirir. Əsasən də 1-ci dövrədə əla oynadılar. "Qəbələ" ilk üçlüyə ən iddialı namizədlərdən biridir. "Neftçi" isə sonadək "Qarabağ"la mübarizə aparacaq. Arzu edirəm ki, Premyer Liqanın 2-ci yarısı daha da maraqlı olsun. Düşünürəm ki, "Zirə" də çempionluq mübarizəsinə qoşula bilər. Fevral ayından sonra çempionat daha da maraqlı olacaq.
saytlarin hazirlanmasi