“Keşlə”nin hücumçusu Amil Yunanov Sportal.az saytına müsahibə verib.
- "Keşlə"dəki işlərin necə gedir? Necə gedir hazırlıq?
- İşlərim qışdan əvvəl ürəkaçan deyildi. Ümid edirəm ki, qışdan sonra yaxşı olacaq. Hazırlıqlarımız yaxşı gedir, 5-6 gündü başlamışıq məşqlərə. Yəqin ki, hazırlığı Bakıa keçməyimiz çıxışımıza təsir etməz.
- Yalnız "Səbail" və "Keşlə" Azərbaycanda hazırlaşacaq. Necə düşünürsən, məhz bu məqam, bu 2 komandanın fasilədən sonrakı çıxışına nə dərəcədə təsir edəcək?
- Onu zaman göstərəcək. Düzdü, ölkə xaricində hazırlıq keçmək daha yaxşıdı. Həm dəyişiklik olur, həm də xarici klublarla yoxlama oyunları oynayırsan. Ancaq belə məsləhət olubsa, bizim işimiz məşq edərək çempionata hazırlaşmaqdı.
- Qışda "Keşlə"dən ayrılmaq variantın var? Çempionatın ilk yarısında az oynamağın səni narahat etmir?
- Xeyr, hələ ki, elə variant yoxdu. Əlbəttə ki, az oynamağım məni çox narahat edir. Ümid edirəm ki, qışdan sonra yaxşı olacaq.
- “Keşlə”də 1-ci dəfəki gəlişin də uğurlu alınmamışdı, budəfəki də sanki uğrlu alınmır. Razısan? Səncə, niyə "Keşlə"də karyeran effektiv alınmır?
- 1-ci gəlişimdə uğursuz olduğumu deməzdim. Sadəcə komanda komanda sonuncu yeri tutmuşdu deyə, elə görünürdü. Həmin vaxt komandada 4 hücumçu var idi və 3-ü legioner idi. Ən çox qolu isə mən vurmuşdum.
- Anatole Abanqla yollar ayrıldı. Necə düşünürsən, onun gedişi oynamağın üçün yaxşı şans yaranacaq? Sənan Qurbanovun güvənini hiss edirsən, yoxsa sənə güvənmir baş məşqçi?
- Nə deyim, çalışıram məşqlərdə, əlimdən gələni edirəm. Məşqçi şans versə, əlimdən gələni edəcəm. Baş məşqçinin verəcəyi qərardı.
- “Sumqayıt”da oynadığın vaxtda daim diqqətçəkən oyun sərgiləyirdin, milli komandaya kimi yüksəlmişdin. Yenidən milliyə qalxmaq mümkündü?
- Səbəblər çoxdu. Ancaq indi durub onları saymaq istəmirəm. Hər şey qismətdi. Demək belə məsləhət imiş. Hər şey insanın öz əlindədi, əlbəttə ki, qalxmaq da olar.
- Karyeranın ən yaxşı vaxtında “Qarabağ” və “Neftçi”dən təklif almışdı?
- “Qarabağ” yox, “Neftçi”dən təklif almışdım. Həmin vaxtı “Sumqayıt”la müqaviləm var idi deyə, alınmamışdı.