“Telstar” forması geyinən Özancan Kökçü Sportal.az saytına müsahibə verib.
- Deyəsən, bir neçə gün əvvəl toy üçün Bakıya gəlmişdin...
- Doğrudu, qız toyumuz Bakıda oldu. Oğlan toyunu isə qismət olarsa, Niderlandda edəcəyik. Evlilik qismət işidi. Allah xoşbəxtliyi Azərbaycandan tanış olduğum bir xanımla mənə nəsib edib.
- Hazırda “Telstar” forması geyinirsən. Bu klubdakı işlərin necə gedir?
- Bəli, karyeramı Niderlandda davam etdirmək qərarı almışam. İndi də “Telstar”da oynayıram. Avropada futbol oynamaq inkişaf sarıdan daha çox şey verir insana. Mənə də çox şey qazandırdı və burada xoşbəxtəm. Bunda sonra necə olacağını hamımız birlikdə görəcəyik.
- Özün üçün “Telstar”ı maksimum hesab edirsən, yoxsa daha yaxşı liqalarda, daha yaxşı klublarda oynamaq gücündə olduğunu düşünürsən?
- Alimlər demişkən, hədəfsiz insan sadəcə “asalak”a bənzəyər. Azərbaycanda qalsaydım, ora mənim üçün maksimum olacaqdı. Yəni, hədəfimdən çıxacaqdım. Avropada maksimumlar heç vaxt sona çatmadığı üçün Avropaya geri döndüm və “Telstar”ın vasitəsilə daha da yuxarılara qalxmağı planlaşdırıram.
- Azərbaycanda nəyə görə qalmadın? "Neftçi" və "Qarabağ" kimi komandalardan sənə təklif gələrsə, yenidən Azərbaycana dönməyə hazırsan?
- Öz irəliləyişim adına, hər zaman klubların layihəsinə görə hərəkət etmişəm. Dediyiniz komandalarla bağlı nəsə demək rahatlığım yoxdu. Çünki mənim yox, menecerlərimin işidi. Hər zaman hədəflərimin daha yaxşı olması üçün çalışırlar. Əgər, yaxşı layihə olarsa, ona görə hərəkət edərik.
- Azərbaycan milli komandasına dəvət edilmirsən. AFFA-dan səninlə danışan olub?
- Mən hər zaman səviyyəmə güvənirəm. Həm də reklam və ikili münasibətlərdən uzaq durmuşam. Belə də davam edəcək. Futbol bilgisi, səviyyəsi milli komandaların statistikası və oynadığın liqa ilə çox önəmlidi. Mən Avropada oynayıram və oynadığım liqa çox ölkələrin çempionatından daha üstündü. Milli komanda üçün heç kimlə görüşməmiz olmayıb. İndi də hansısa seçim etməmişəm. Məni bir gün milli komandada görəcəksiniz ya yox, onu gözləyib, birlikdə görəcəyik.
- Azərbaycan A millisində oynamamışdın deyə, seçimini dəyişə bilərsən. Karyeranda yüksəlişə keçsən və Türkiyə A millisindən dəvət olarsa, seçimini bu komandadan yana edəcəksən?
- Mən qərarlı xarakterə sahibəm. Heç kimin və heç yerin reklamına ehtiyacım yoxdu. Əgər, haqq edirəmsə, ölkəm Türkiyə və ölkəm Azərbaycan adına milli qururu yaşamaq, uğurları xalqıma yaşatmaq istəyirəm. Ancaq yenə də vurğulayaraq deyirəm ki, milli komandalar haqq edənlərin yeridi və yenə söylədiyim kimi gözləyib, görəcəyik.
- Mövsüm sonunda necə, “Telstar”da qalacaqsan, yoxsa başqa kluba gedəcəksən?
- Bu sual cavab verəcəyim məsələ deyil. Mənə görə çox güman ki, bir neçə klublardan təkliflər alırlar. Ancaq mən “Telstar”ın futbolçusuyam və mənimlə əlaqəli layihələr klubum, məşqçim və menecerimə edirlər.