"Mahir Emrelinin ona yol göstərəcək birinə ehtiyacı var" - MÜSAHİBƏ

21:22 - 21 Yanvar 2022

Azərbaycanlı futbol veteranı Aslan Kərimov Sportal.az saytına müsahibə verib. O, klublarımızın çıxışını dəyərləndirib. Bununla yanaşı legioner həyatı yaşayan futbolçularımızın hazırki durumundan söz açıb.

- Azərbaycan klublarının əksəriyyəti Türkiyədə toplanışlarını davam etdirir. Xüsusilə çempionluq mübarizəsi aparan “Neftçi” və “Qarabağ” diqqətləri üzərinə çəkib. Çempionluq mübarizəsindəki xal fərqini nəzərə alsaq, qışdan sonra "Qarabağ"ın mübarizədə tək qalacağını düşünmürsünüzki?
Ötən mövsümki rəqabətin bu mövsüm də olacağı çətin görünür. Söhbət çempionluq mübarizəsindən gedir. İnanmıram ki, "Qarabağ" bu qədər xal fərqini çempionatın 2-ci hissəsində əldən versin. Əldən verəsi olarsa, bu, "Qarabağ" üçün faciə olar. Görünür ki, "Qarabağ" bu mövsüm çempionatı rahatlıqla qazanacaq. "Neftçi" üçün bu rəqabəti aparmaq çox çətin olacaq. Bundan sonra gərək minimum 3-4 çox yaxşı transferlər etsinlər ki, çempionluqda rəqabət aparsınlar. 

- "Qəbələ"nin qışdan sonra da uğurlu çıxışına inanırsınız? Komandaya yalnız 1 futbolçu cəlb edilib. "Qəbələ"nin daha da güclənməli olduğunu fikirləşirsiniz?
"Qəbələ" 2-ci yarıda da bunu davam etdirə bilər. Zədələr mane olmasa, bu heyətlə davam edə bilsələr, Avropa səhnəsinə çıxa bilərlər. Çempionluq uğrunda danışmaq çətin olardı. Avrokuboklar üçün mübarizə apara biləcəklər. "Zirə" və "Neftçi" ilə böyük rəqabət apara biləcəklər. Əslində, “Qəbələ”nin imkanlarının hansı dərəcədə olduğunu demək çətindi. Mediadan eşitdiklərimə görə o qədər də böyük imkanları yoxdu. Böyük imkanları olmasa da, yenə legioner almaları, komandaya bir az pis təsir göstərə bilər. Aldıqları legionerin hansı səviyyədə olduğunu da bilmərəm. Daha çox akademiya uşaqlarına üstünlük versələr, daha uğurlu olarlar. Çünki bugünki gündə yerli oyunçuların, öz akademiyasından çıxan uşaqların sayına görə “Qəbələ” liderlik edir. Bilmirəm, Patrik Robson nə dərəcədə kömək edəcək.

- "Neftçi" Azər Salahlı, Eddi İsrafilov və Gilyerme Pato ilə müqavilə imzaladı. Daha çox İsrafilovun transferini neqativ qarşılayanlar oldu. Sabir Buqrinin gedişi necə, komandaya təsir edəcək?
- Azər “Neftçi”yə xeyir gətirə bilər. “Neftçi” 5-li müdafiə ilə oynayır. Belə oyun üslubunda Azərin fiziki durumu hücum və müdafiədə hərəkətli qamasına imkan verir. Eddi yarımmüdafiənin mərkəzində Buqrinlə müqayisə olunası deyil. Buqrinin itkisi "Neftçi" üçün görünən olunacaq. Çünki o cür kreativ oyunçuya ehtiyacları var idi. Özünəməxsus oyun üslubuna sahib idi. Təkbətək epizodlarda 2 oyunçunu rahatlıqla keçirdi. Belə oyunçuya ehtiyac var. Eddi belə oyunçu deyil, daha çox müdafiəyəmeyillidi, bir sözlə Buqrin deyil. Buqrin “Neftçi” üçün Eddidən daha keyfiyyətliydi. Transfer necə qarşılanmasına gəldikdə, bununla bağlı Eddini qınamaq istəmirəm, hamının onun haqda öz fikri var. Bir şey fakt olaraq qalır ki, "Neftçi" azarkeşlərinin və futbol ictimaiyyətinin rəğbətini qazanmaq üçün əvvəlkindən daha artığını etmək məcburiyyətindədi. Komandanı çiynində daşıya bilsə, o zaman müharibə dövründəki passsiv qalmasına göz yumular. Hər şey oyunundan asılı olacaq. Nə dərəcədə buna nail olacaq, bu da sualdı. Misal üçün, Emin Mahmudov, Sabir Buqrin hansısa xoşagəlməz addımla yadda qalsaydı və bu cür oyun göstərsəydi, azarkeşlər günahlarından keçərdi. Eddinin bunları yaddan çıxarda biləcəyinə də şübhə ilə yanaşıram. Nizam-intizam sarıdan həm millidə, həm də millidən kənarda səs-küyü çox gəlirdi. Onun üçün çətin olacaq bunun öhdəsindən gəlmək. Amma azərbaycanlı və klublarımızın uğurunu istəyən biri olaraq, ümid edirəm ki, "Neftçi"yə xeyir verəcək.

- "Qarabağ"ın İbrahim Vadjinin "Kocaelispor"a icarəyə verilə biləcəyi xəbərləri dolaşır. Vadji “Qarabağ”da özünü göstərmədi deyə, yeni forvard gətirib onu “Kocaelispor”a icarəyə vermək olarmı?
- Saxlaya da bilərlər. “Kocaelispor” məsələsi hazırda fərziyyədi. Komandada belə söhbət var ya, yox bilmirəm. Əgər göndərirlərsə, demək olar ki, bu transfer heç də uğurlu olmadı. Amma rəhbərlikdə hansı fikir var, bilmirəm. Saxlasalar, demək ki, inanırlar. Vadji sürəti olan, gücə dayanıqlı oynayan futbolçudu. “Qarabağ”ın bəzən belə oyunçuya ehtiyacı olur. Böyük nailiyyətlər əldə etmək istəyirlərsə, hazır futbolçuya ehtiyacları olacaq. İcarəyə verib, yeni oyunçu almaq da, çıxış yoludu. Hansını edəcəklər, bilmirəm. Konfrans Liqasının qrupundan çıxdıqlarına görə, hədəfləri böyükdüsə, əslində, daha təcrübəli, komandanı xilas edəcək hücumçuya ehtiyac olduğu məlumdu. "Qarabağ" transfer siyasətində təkcə Konfrans Liqasını düşünməli deyil. Çox güman ki, "Qarabağ" bu mövsüm çempion olacaq. Çempionlar Liqasının qrup mərhələsini də hədəf qoymalıdılar. Bu cür hədəfi olan komanda üçün Vadji təcrübə baxımından uyğun gəlməyə bilər. Çox güman ki, indi edəcəkləri transferlər Çempionlar Liqasına hesablanmış olacaq.

- Azərbaycanlı futbolçular yenə də demək olar ki, öz ampluasındadı. Araz Abdullayev Kiprdən geri qayıtdı, “Sumqayıt”a keçdi. Mahir Emreli isə “Legiya”dan ayrılır. Bu məsələlər haqda hansı fikirdəsiniz?
-  Arazla bağlı məlumatım yox idi. "Etnikos"da necə çıxış edirdi, baş məşqçi ondan razı idi ya, yox bilmirdim. Göründüyü qədərilə yenə də qala bilməyib xaricdə. Əslində, millidə də ehtiyatda olursansa, gec-gec dəvət olunursansa, klubda böyük uğurlar əldə etmək çətin olur. Buna görə geri döndü. Stabil oynamaqdan ötrü, 1 komandada ən azından 2 sezon qalmalı və oyunlarda iştirak etməlisən. Bunun öhdəsindən gələ bilmirik. Futbolçu keyfiyyəti zəifdi demək düzgün deyil. Həm Araza, həm də Mahirə aiddi. Görünür başqa səbəblər var. Psixoloji rəqabət ola bilər. Səbəblərini bimirik. Oyunçu keyfiyyətinə görə geri qalırlar demək doğru deyil. Çıxış etdikləri klublardakı digər oyunçuların keyfiyyətləri yuxarı idi, nəinki aşağı.

- Mahir Emrelinin Bakıya gəldiyi gündən şou-biznes proqramlarındadı. Bu, Emrelinin karyerasına necə təsir edər?
 Bəzən məşqçilər oyunçularının mətbuata çox danışmasına, proqramlara qatılmasına icazə vermir. Futbolçu hansısa şou-proqrama qatılırsa, fikirlərini ifadə edə bilirsə, karyerasına zərər gətirmir. Əksinə, daha populyarlıq gətirir. Amma bəzən də görürsən ki, elə futbolçular var, futbol oynamağı yaddan çıxarır, yalnız şou-bizneslə məşğul olur. Bəli, burada artıq karyeranın sonunun başlanğıcı gəlir. Mahirin belə birinin olduğuna inanmaq istəmirəm. Yəqin ki, Mahir Emrelinin ona yol göstərəcək birinə ehtiyacı var. Düşünmürəm ki, bu proqramlara qatıldıqdan sonra futbolu unutsun. Sadəcə məşq dövrü də deyildi, pauza idi. Ola bilər boş vaxtından belə istifadə edirdi. Sözsüz ki, taleyilə bağlı qərar verməlidi. Tez bir zamanda hansısa klubda olub, məşqlərə başlayıb, oyunlar oynamalıdı. Vaxt uzansa, performansına təsir edəcək. Şou-proqramlarda tez-tez görünməsinə gəlsək, normal zəkaya malikdirsə, intizamı yerindədirsə, bu cür məsələlərə pis baxmıram. Futbolu yaddan çıxarıb, belə işlərlə məşğul osa, karyerasına təsir edər. Mahir üçün əsas məsələ, şou proqramlara çıxması yox, hansısa klubla tez müqavilə  bağlayıb çıxış etməsidi. Əgər bunun öhdəsindən gəlibsə və ya gələcəksə, hər hansı proqrama çıxması səhv addım deyil. Bunu qəbahət hesab etmirəm.
 

Xəbər xətti