“Son olaraq “Bayrampaşaspor”da oynamışdım. İndi isə klubsuzam. Azərbaycandan heç bir klubdan təklif almamışam”.
Bu sözləri Sportal.az saytına açıqlamasında Ege Atlam deyib.
"Beşiktaş"ın yetirməsi olan müdafiəçi Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında çıxış edib.
"Beşiktaş" yetirməsi olan Atlam Azərbaycan yığmasına cəlb olunmasını yada salıb:
“Azərbaycandakı menecerlər “Beşiktaş”ın oyununu izləməyə gəlmişdilər və məni görüb, bəyənmişdilər. Yığmaya cəlb olunmağım belə alınmışdı. Türkiyənin aşağı liqalarında milli komandalara görə fasilə verilmir. Azərbaycan yığmasına qoşulduğumda isə 1 ay toplanış olurdu. Bu isə Türkiyədə aşağı liqada 4 oyun deməkdi. Üstəlik milliyə yollanıb, orada oynamayanda klublar da bunu yaxşı qarşılamırdı. Amma mənim klub seçimlərim də yalnış oldu. Təbii ki, ümidliyəm və sona qədər mübarizə aparacam".
"Gələcəkdə Azərbaycanın A millisində oynamaq arzum var. Allah qoysa, o da olar. Daha yaxşı yerlərdə olacam. Azərbaycan klublarının Avropadakı çıxışlarını izləyirəm. Azərbaycan futbolu daha yaxşı olacaq deyə düşünürəm” deyə, Atlam fikirlərini yekunlaşdırıb.