Sabah” Antalya toplanışı zamanı heyətini belaruslu qolkiper Aleksandr Nyaçayevlə gücləndirdi. O, Azərbaycan Premyer Liqasında çıxış edəcək 20-ci belaruslu olacaq. Maraqlıdı ki, son dəfə 2015-ci ildə belaruslu futbolçuya ehtiyac duyan təmsilçimiz “Qəbələ” olub. Azərbaycanda belaruslu futbolçuya ehtiyac duyan ilk klub isə “Qarabağ”dı. Belə ki, 2003-cü ildə Rusiyanın “Çkaloveç” klubundan Dmitri Tulinçev “Qarabağ”a keçmişdi. Sizə Azərbaycanda indiyə qədər oynamış 19 futbolçudan ən yaddaqalanlarını xatırladacağıq:
Vladimir və Mixeil Milevski
Azərbaycanda çıxış etmiş ən yaddaqalan belaruslular Vladimir və Mixail qardaşlarıdı desək, yəqin ki, yanılmarıq. Əkiz qardaşlar demək olar ki, əksər klublarda eyni vaxtda çıxış edib. Amma Vladimirin karyerasının daha effektli alındığını demək mümkündü. Belə ki, o, Belarus millisinin 1995-2000-ci illərdə aparıcı üzvlərdən olub. Azərbaycana gələnə qədər “Dinamo”(Kiyev) klubunda oynamış qardaşlar “İnter”də də əsas fiqurlardan olmağı bacarmışdılar.
Valentin Belkeviç
Belarus futbolunun ən yaddaqalan oyunçularından biri də Valentin Belkeviçdi. O, karyerasında cəmi 3 klubda çıxış edib. “Dinamo”da (Minsk) oynadıqdan sonra 1996-cı ildə Kiyev “Dinamo”suna keçən Belkeviç Ukrayna klubunun əfsanələrindən biri olmağı bacarmışdı. 2008-2009-cu illərdə Azərbaycanda oynamış Belkeviç “İnter”də aparıcı oyunçulardan ola bilməmişdi. O, 2009-cu ildə A kateqoriyasına yiyələndikdən sonra Bakı klubu ilə qarşılıqlı razılıq əsasında müqaviləsinə son vermişdi. 2014-cü ildə Belkeviç 41 yaşında tromboemboliyadan dünyasını dəyişmişdi.
Mixail Sivakov
Premyer Liqamıza gələnə qədər o, BATE, “Kalyari”, “Visla”(Krakov), “Çernomorets” kimi klublarda oynamışdı. 2015-ci ilin yanvarında “Qəbələ”yə keçmiş futbolçu mövsüm sonunda Azərbaycandan ayrılmışdı. Sivakov 2014/2015 mövsümündə Azərbaycan çempionatının bürünc medallarına da sahib çıxmışdı. Futbolçu hazırda Rusiya 1-ci divizionunda yarışan “Orenburq”da çıxış edir.
Aleksandr Martyoşkin
Martyoşkin həm “Xəzər Lənkəran”, həm də Azərbaycan çempionatının ən yaddaqalan qapıçılarından. “Şaxtyor”(Soliqorsk) klubunda 3 il ərzində 111 matça çıxan Martyoşkin bu görüşlərdən 110-da əvəzedilmədən oynamışdı. Ki, bu da Belarus çempionatının rekordlarından hesab edilir. Sonradan isə o, “Xəzər Lənkəran”a keçərək komandanın əsas qapıçısı olmuşdu. Hazırda isə belaruslu “Dinamo”(Minsk) klubunun əvəzedici heyətində qapıçılarla işləyən məşqçidi.
Gennadi Bliznuk
Ölkəmizdə oynamış belaruslu futbolçulardan yazırıqsa, Gennadi Bliznyuku unutmaq olmaz. 2011-ci ildə AZAL-la müqavilə imzalamış Bliznuk ölkəmizdə çox qalmamış və sonradan ölkəsinə qayıdaraq, “Belşina”ya keçmişdi. Azərbaycana gələnə qədər “Sokol”, BATE, “FSV Frankfurt” klublarında çıxış etmiş veteran hücumçu Belarus millisində də 12 oyun keçirərək 4 qol vurmuşdu. O, hazırda “Energetik-BGU” klubunda köməkçi məşqçi kimi çalışır.
Dmitri Parxaçev
Maraqlıdır ki, Azərbaycanda 2 fərqli klubda oynamış yalnız 1 belaruslu var. İlk dəfə “Olimpik”lə (Bakı) müqavilə imzalamış Parxaçev sonradan “Vostok”a keçmişdi. 2011-ci ildə isə o, “Jetısu”dan ayrılaraq “Kəpəz”lə anlaşmışdı. O, Gəncə klubunda da çox qalmayaraq Qazaxıstana, bu dəfə “Kaysar”a dönmüşdü.