“Qarabağ” qış “transfer pəncərəsi” zamanı heyətini portuqaliyalı futbolçu ilə gücləndirdi. Ağdam klubu “Çerno More”də oynamış Leandro Andradeni heyətinə qatmış oldu.
O, Azərbaycan Premyer Liqasında çıxış edəcək 10-cu portuqaliyalı kimi tarixə keçdi. İndiyə qədər Premyer Liqamızda 9 portuqaliyalı futbolçu çıxış edib. Klublarımızdan ilk olaraq “Xəzər Lənkəran” portuqaliyalı futbolçuya ehtiyac duyub. Sonuncu dəfə isə "Neftçi" Portuqaliyadan Huqo Baştunu heyətinə cəlb etmişdi.
Sportal.az olaraq sizə ölkə çempionatımızda çıxış etmiş portuqaliyalılardan 5 ən yaddaqalanını diqqətinizə çatdıracağıq:
Antonio Semedo
Sabiq “Xəzər Lənkəran”lı futboldan uzaqdı, hazırda Londonda təmizlik şirkətində işləyir. Futbolçu vaxtında “qara pantera” ləqəbilə tanınan Antonio “Xəzər Lənkəran”a gələnə qədər “Styaua” kimi tanınmış klubda çıxış etmişdi. Portuqaliyanın U-21 yığmasının da üzvü olmuş Semedo əslində Cənub klubunda da o qədər pis oyun oynamamışdı. Amma Lənkəran klubu Andrey Mureşan, Katalon Doman, Salif Ballo ilə yanaşı Semedonu bir müddət sonra yola salmışdı.
Huqo Maçado
“Sportinq” yetirməsi olan, Lissabon klubunun aşağı yaş qruplarında birlikdə oynadığı üçün Kriştiano Ronaldonun dostu kimi tanınan Huqo Maçado Azərbaycanda oynadığı dönəmdə özünü yaxşı tərəfdən göstərməyi bacarmışdı. Yüksək texnikası ilə diqqət çəkən Maçado “Standart”da uruqvaylı Riçard Rikelme ilə birlikdə aparıcı qüvvəyə çevrilmişdi. Sonradan onun Azərbaycanın başqa klubuna keçəcəyi gözlənilsə də, futbolçu ölkəmizdən ayrılaraq o vaxtı Portuqaliya yüksək liqasında çıxış edən “Naval”a keçmişdi. 39 yaşı olmasına baxmayaraq karyerasını davam etdirən yarımmüafiəçi “Oriental”da çıxış edir.
Yazalde
Bu forvard əslində pis göstəricilərə malik deyildi. Sadəcə o vaxtı transfer olduğu “Qəbələ” futbolçu sayı və rəqabət yüksək olduğundan ölkəmizi tez bir zamanda tərk etmişdi. Halbuki forvard “Qəbələ”yə gələnə qədər “Braqa”, “Rio Ave”, “Olhanense”, “Astra” kimi ortabab komandalarda çıxış etmişdi. Qısamüddətli “Qəbələ” karyerasının o qədər də uğurlu alındığını demək mümkün deyil. Halbuki o, “Qəbələ”də oynadığı vaxtlarda sabiq “Qarabağ”lı Danilo Diaşdan sonra transfermakrt nəşrinə əsasən 2,3 milyon avro ilə ölkəmizdəki ən bahalı ikinci futbolçu idi. Hazırda forvard klubsuzdu.
Renato Queyros
Renato Azərbaycana gəlmiş ilk portuqaliyalıdı. O, 2008-ci ildə “Pakoş de Ferreyra”dan ayrılaraq “Xəzər Lənkəran”a keçmişdi. Hazırda Portuqaliyada futbol agenti kimi fəaliyyət göstərən Renatonun Azərbaycan karyerasında yaddaqalan məqam olduğunu söyləmək çətindi.
Serjinyo
2016-cı ildə Portuqaliyanın “Trofense” klubundan ayrılaraq “Kəpəz”ə keçən portuqaliyalı komandanın aparıcı simasına çevrilə bilmişdi. “Kəpəz”in heyətində avrokuboklarda da olduqca yaxşı performans göstərən portuqal son olaraq “Ribeyrao”da oynadıqdan sonra klubsuz qalıb.