Yunanıstanın "Olimpiakos" klubuna keçən Turan Manafov Sportal.az saytına açıqlama verib. Volos klubuna keçən azərbaycanlı futbolçu Yunanıstandakı məqsədlərindən söz açıb:
"Anlaşmamız belə oldu ki, “Səbail”lə 1 illik müqavilə imzalayım, yaya qədər Yunanıstan klubunda icarə əsasında çıxış edim. Başqa cür olmadı. “Səbail” də buraxmaq istəmirdi. Yaydan sonra necə olacağına baxacağıq. Əgər alınsa, başqa yerə gedərəm, ya da buradakılar transfer məbləğini ödəyib transfer edə bilər. Onu yaşayıb görəcəyik. Yayda hər şey bilinəcək. İndi ancaq yeni komandamdakı çıxışıma fikrimi yönəltmişəm. "Səbail"lə də 1 illik müqaviləm var".
Manafov, Yunanıstan futbolu haqda məlumatsız olmadığını bildirib: “Yunanıstan Superliqasından xəbərim var idi. Düzü, 1-ci divizionu barədə elə də çox xəbərim yox idi. Təklif olandan sonra klubla və çempionatla maraqlandım. Bu liqada daha çox gənc futbolçular oynayır, onların inkişafı baxımından yaxşıdı. Baxdım, gördüm ki, “Olimpiakos” tramplin baxımından yaxşıdı. Bura daha yaxşı yerlərə yollanmaq üçün gəlmişəm".
"Milli komanda məsələsi barədə bir söz deyə bilmərəm. Hər halda buna millinin məşqçilər korpusu qərar verəcək. Onlar baxıb qərar verəcək. Diqqət olunar, baxarlar, müsbət qərar olsa, dəvət alaram" - deyə, futbolçu fikirlərini yekunlaşdırıb.