"Avrokuboklara vəsiqə qazana bilərik" - MÜSAHİBƏ

21:22 - 25 Yanvar 2022

"Qəbələ"nin aparıcı futbolçusu Məqsəd İsayev Sportal.az saytına müsahibə verib. Müdafiəçi komandasının Türkiyədə keçirdiyi toplanış haqda danışıb.

- Türkiyə toplanışı artıq başa çatdı. Toplanış "Qəbələ" üçün necə keçdi, nə ilə yadda qaldı?
-
Toplanış komanda üçün yaxşı alındı. Çempionata hazırlaşmaq üçün getmişdik Antalyaya. Ümumi olaraq, normal keçdi.

- Komanda 3 yoxlama görüşü keçirdi və 2 oyunda uduzdunuz, 1 oyunda qalib gəldiniz. 3 yoxlama görüşündə ən yaxşısı oyununuz hansı oldu?
Bəli, 3 oyun oynadıq və heç bir oyunu pis keçirmədik. 2-3 gündən bir oyunlar oldu. Elə oyunlar idi ki, maksimum da güc sərf edə bilmədik. Bu da normal haldı. Çünki komanda yükləmələr altında oynayırdı.

- "Qəbələ"nin mövsümün 2-ci yarısına nə qədər hazır hesab edirsən?
- Mövsümün 2-ci yarısına pis hazırlaşmadıq. Hər şey qaydasında getdi. Allah qoysa, hazırlığımızın bəhrəsini çempionatda görərik.

- Komandaya yalnız Patrik Robson cəlb edildi. O da Türkiyə toplanışının son günündə komandaya qoşula bildi. Səncə, sizə kömək ola biləcək?
-
Gec qoşulsa da, komandaya uyğunlaşa biləcəyini düşünürəm. Patrik özü də tam hazır olması üçün əlindən gələni edir. 

- Toplanış çərçivəsində Türkiyədə olan klublarımız daha çox Polşa klubları ilə qarşılaşdı. "Qəbələ" də "Zaqlembe" ilə oynadı və məğlub oldu. Azərbaycan klublarından çox güclü idilər?
- Deməzdim ki, çox güclüdülər. Sadəcə onlara qarşı da yorğunluq fonunda oynayırdıq. Həm də toplanışdakı ilk oyunumuz idi. Ancaq belə, Polşa klubları ilə başabaş oynamaq olar.

- "Qəbələ" mövsümün ilk yarısını turnir cədvəlinin 2-ci pilləsində başa vurdu. Necə düşünürsən, çempionatın qalan hissəsində də ən azından bu pillədə qala biləcəksiniz?
-
Təbii ki, çalışacağıq ki, turnir cədvəlindəki yerimizi qoruyaq. Ancaq çətin olacaq. Düşünürəm ki, biz bunu bacaracağıq. Allah qoysa, avrokuboklara vəsiqə qazana bilərik. Düzdü, Urfan Abbasovun zədələnməsi də hamımızı üzdü. Onun yerini doldurmaq çətin olacaq. 

Xəbər xətti