“Sabah”ın ispaniyalı legioneri Xuan Kamara Sportal.az saytına müsahibə verib:
- Türkiyədəki təlim-məşq toplanışının son oyununda “Mladost”la 1:1 oynadınız. Həmin matç necə alındı sizin üçün?
- Komanda üçün yaxşı matç alındı. Hesab aldadıcı ola bilər. Qol imkanlarımız çox oldu, yararlana bilməməyimizin bəzi səbəbləri var idi. Amma biz hazırda çox yaxşı durumdayıq. Ki, rəsmi matçlara başlayaq.
- Bəs ümumilikdə, toplanışı “Sabah” üçün necə dəyərləndirərdin? Toplanış daha çox nə ilə yadda qaldı?
- Fiziki cəhətdən 2 gərgin həftə oldu. Amma bütün komanda buna yaxşı reaksiya verdi. Fikrimcə, biz çempionatın qalan hissəsini yaxşı keçirəcəyik. Ümidvaram ki, nəticələr uğurlu olacaq. Çünki biz qələbələr qazanmaq üçün çox işlədik.
- Komanda toplanış ərzində heç bir oyunu qalib başa vura bilmədi, bütün oyunlar 1:1 bitdi. Qalib gələ bilməməyiniz özünəinamı azaltmadıki?
- Rəqiblərimiz çox yaxşı komandalar idi. Biz 3 oyundan 2-də qalib gələ bilərdik. Sadəcə öz şanslarımızdan istifadə edə bilmədik. “Zarya” ilə matçda qalib gələ bilərdik. Sadəcə rəqibimiz də güclü idi. Ancaq bu, sadəcə olaraq yoldaşlıq görüşü idi. Bu cür matçlarda hesab o qədər önəmli deyil.
- “Sabah” mövsümün 1-ci yarısını ölkə çempionatında 5-ci pillədə başa vurmuşdu. Mövsümün 2-ci yarısında necə, komanda nə edə biləcək?
- Biz hər oyunda qələbə qazanmağa çalışacağıq. Buna görə də mümkün qədər yüksək pillələrdə olmağa çalışacağıq.
- Avrokuboklara ölkə çempionatından vəsiqə qazanmaq istəyirsiniz, yoxsa ölkə kubokunu qazanmaq haqda düşünürsünüz?
- Dediyim kimi bütün oyunlara final ab-havasında çıxıb, qalib gəlməyə çalışacağıq. Son oyunlarda uğurlu çıxış etdik. Biz eyni oyun tempi və nəticələri davam etmək üçün qayıtmışıq.
- Yayda “Yagelloniya”ya qayıtmaq barədə düşünürsən, yoxsa “Sabah”da qalmaq niyyətindəsən?
- Bu düşünmədiyim məsələdi. İndi yalnız “Sabah”da uğurlu çıxış etmək barədə düşünürəm. Gələcək isə nəzarətimdə olmayan məsələdi. Yəni, tək məndən asılı olan məsələ deyil.