"Neftçi" Azər Əliyevə görə AFFA-ya müraciət etdi

16:40 - 28 Yanvar 2022

"Neftçi"nin idman direktoru Zaur Əzizov klubun rəsmi televiziyasına açıqlamasında yeni transfer Azər Əliyevin azərbaycanlı futbolçu statusunda oynayacağını bildirib.

 

Belə olan halda müəyyən suallar ortaya çıxır. Azər Əliyev Rusiya vətəndaşıdır. Onun Premyer Liqada yerli futbolçu statusunda oynaması üçün Azərbaycan pasportu olmalıdır.

 

Sportal.az saytı olaraq məsələ ilə bağlı "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevə müraciət etdik. Zaur Əzizovun nəyə əsasən belə fikir səsləndirməsi ilə maraqlandıq. Allahverdiyevin bildirdiyinə görə, artıq "Neftçi" bu məsələ ilə bağlı AFFA-ya müraciət edib:

 

"Azər Əliyev azərbaycanlıdır. O, yerli futbolçu kimi oynamaqda maraqlıdır. Bununla bağlı prosedur başladılıb. AFFA yaxın zamanda Azər Əliyev üçün müvafiq qurumlardan Azərbaycan pasportu alacaq. Həmin pasport əsasında o, Azərbaycan Premyer Liqasında yerli oyunçu statusu ilə oynayacaq". 

 

Qeyd edək ki, "Neftçi" Azər Əliyevi Rusiyanın "Ufa" klubundan transfer edib. 27 yaşlı yarımmüdafiəçi ilə 3,5 illik müqavilə imzalanıb.

Xəbər xətti