Ölkə çempionatına fasilə verilən kimi "Keşlə"dən ayrılan, adı Azərbaycanın bir neçə klubu ilə hallansa da, sonda BƏƏ-nin “Əl-Bataeh” klubuna keçən Anatole Abanq Sportal.az saytına müsahibə verib:
- BƏƏ-də işlərin necə gedir? Səni komandada necə qarşıladılar?
- BƏƏ-də işlərim çox yaxşı gedir. Yeni komandam da çox xoşuma gəlir. Məni komandada yaxşı qarşıladılar.
- “Əl-Bataeh” klubundan öncə Azərbaycan klublarından təklif almışdın. Niyə qalası olmadın?
- Bəli, Azərbaycan klublarından təklif almışdım. Amma sonda BƏƏ-yə gəlməyə qərar verdim. Komandam da yaxşıdı.
- Hətta “Sabah”a keçə biləcəyin də deyilirdi. Nəyə görə bu keçid alınmadı?
- Azərbaycan klublarından təklif almışdım. Amma mənə təklif göndərən klubların adını çəkmək istəmirəm. Gələcəkdə necə olacağını görəcəyik.
- “Keşlə”dən ayrılmağına əsas səbəb nə oldu? Özün qalmaq istəmədin, yoxsa klub səninlə yollarını ayırdı?
- “Keşlə” ilə danışıq aparmışdım. Sadəcə mən yeni komandaya keçmək istədim. Ona görə də sonda qərarım bu cür oldu.
- Həyat yoldaşınız Azərbaycanda qalmışdı. Onu da Dubaya aparacaqsınız?
- Xanımım artıq mənimlədi. Onu da Dubaya gətirmişəm. Yaxın günlərdə ata olacam.
- Maraqlıdı, Azərbaycan karyerası sənin üçün bağlanıb, yoxsa yayda ölkəmizə dönə bilərsən?
- Xeyr, Azərbaycan karyeram sona çatmayıb. Əgər, istədiyim təklif gələrsə, Azərbaycana qayıtmaq şansım var. Çünki Azərbaycan mənim ikinci vətənimdi.