"Neftçi"nin qışdakı transferlərindən biri də Azər Əliyev oldu.
Sportal.az saytının məlumatına görə, “ağ-qaralar”ın uzun müddətdir transfer etmək istədiyi Əliyevin komandaya keçidi heç də asan başa gəlməyib. Məsələ burasındadır ki, onun Azərbaycanda oynamasına razılıq verməsində və “Neftçi”yə keçidində AFFA-nın skautu İlqar Qurbanovun da xidməti az olmayıb.
Etibarlı mənbədən daxil olan məlumata görə, ilkin danışıqları Qurbanov aparıb. O, yarımmüdafiəçinin Azərbaycan milli komandasına cəlb olunması üçün onunla söhbət edib və futbolçunu razı salmağa çalışıb.
“Yenisey”də oynadığı dönəmdən bu yana AFFA-nın siyahısında yer alan, amma milliyə gəlməyə razılıq verməyən Azərin fikrini Qurbanov dəyişə bilib. Belədə, o, həm Azərbaycan millisində, həm də "Neftçi"də oynamağı qəbul edib.