Gürcüstan millisinin sabiq forvardı "Qarabağ"ın qolkiperi haqda: "Quqeşaşvili komandanın əsas qapıçısı olacaq"

15:40 - 2 Fevral 2022

"Oynadığım dönəmdə Azərbaycan çempionatında daha çox yaxşı komandalar var idi. “Qəbələ”, “Neftçi”, “Qarabağ”, AZAL, “İnter” kimi klubların adını çəkə bilərəm. İndi də çempionat zəifləməyib. Sadəcə əvvəlki indikindən daha yaxşı idi".

Bu sözləri Sportal.az saytına açıqlamasında Gürcüstan millisinin sabiq forvardı Vladimir Burduli deyib.  Karyerası ərzində “Dinamo”(Tbilisi), “Alaniya”(Vladiqafqaz), “Tavriya” klublarında çıxış etmiş veteran futbolçu 2010-cu ildə “Neftçi” ilə anlaşmışdı.

Burduli, “Qarabağ”ın yeni transferi Luka Quqeşaşvili barədə də danışıb. O, həmyerlisinin potensialına inandığını dilə gətirib: "Şadam ki, Luka "Qarabağ"a keçib. Onun "Dila"da oynadığı bütün oyunlarını görmüşəm. Fikrimcə, Luka çox yaxşı qapıçıdı. Ümidvaram ki, o, "Qarabağ"da özünü ən yaxşı tərəfdən göstərəcək. “Qarabağ” xeyir verən, çox yaxşı qapıçı transfer edib.

Futbolçu yeni komandaya keçəndə, istər-istəməz əsas heyət üçün çalışacaq. Ki, əsas oyunçu olsun. Heç kim ehtiyatda oturmağa getmir. Luka çox çalışacaq və “Qarabağ”ın əsas qapıçısı olacaq. Oynamağa başlayandan sonra isə Giorgi Loriya, Lazare Kupatadze, Giorgi Mamardaşvili ilə Gürcüstan millisinin əsas qapıçısı olmaq üçün rəqabət aparacaq. Gürcüstan millisi üçün 4 yaxşı qapıçı var”.

Gürcü veteran futbolçu sonda sabiq komandası olan “Neftçi”  barədə danışıb: "Düzünü deyim, “Neftçi”nin son matçlarını görməmişəm. Amma turnir cədvəlini tez-tez nəzərdən keçirirəm. Əsas olan seleksiyadı. Bu, olarsa, komanda güclənərsə, hər şey daha yaxşı ola bilər. Büdcədən də çox şey asılıdı. 11 xallıq fərq elə də çox deyil. Hansı komandaya azarkeşlik etdiyimi soruşsalar, əlbəttə ki, bu “Neftçi”di".

Xəbər xətti