"Keşlə"nin qışda yollarını ayırdığı futbolçulardan biri də Miyuşko Boyoviç oldu.
Sportal.az xəbər verir ki, paytaxt klubunun yollarını ayırdığı monteenqrolu futbolçu Serbiyanın "İndija" klubuna keçib.
Saytımıza açıqlama verən təcrübəli müdafiəçi Azərbaycandan ayrılması barədə danışıb:
"Bu cür ayrılıqlar futbolda normaldı. Yeni gələnlər və gənclər komandaya yeni nələrsə gətirəcək. Doğrudu, bu mövsüm ən yaxşı oyunumu oynamadım. Amma oynayanda da ən yaxşısını verməyə çalışırdım. Bu dəfə yeni müqavilə olmadı və ayrılıq baş tutdu. “Keşlə”də oynadığım dövrdə hər zaman ən yaxşısını etməyə çalışmışam.
Azərbaycan kubokunu qazandığımız anları isə heç vaxt unutmayacam. Xatırlayacağım anlarla yanaşı, yaxşı insanlar da var".