"Sabah"ın legioneri: "Qəbələ" və "Neftçi" oyunlarında qalib gəlmək üçün çalışacağıq" - MÜSAHİBƏ

17:34 - 2 Fevral 2022

"Sabah"ın futbolçusu Coy-Lens Mikkels Sportal.az saytına müsahibə verib. Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Neftçi"yə qarşı keçirilən ilk görüşündə Masazır klubunun yeganə qolunu vuran almaniyalı futbolçu komandasının yarımfinal şanslarını dəyərləndirib.

- "Sabah" dünənki matçda "Neftçi" ilə bərabərə qaldı. Komanda dünən istədiyi kimi oynadı?
- Oyun başlayandan, elə ilk dəqiqələrdən qalib gəlmək istədiyimizi göstərdik. "Neftçi" ilə matçı qalib başa vura bilərdik. Bunun üçün şansımız var idi.

- Vurduğun qoldan savayı daha bir qol vurmaq üçün şansın var idi. Səncə, həmin epizodda komanda yoldaşlarından birinə ötürmə versəydin daha yaxşı olmazdı?
Həmin epizoda yenidən baxdım və gördüm ki, Xuan Kamara ilə oynamalıydım. Amma hər şey bir neçə saniyə ərzində baş verir. Mən də ildırım sürətilə qərar qəbul etməliyəm. Ola bilər ki, verdiyim qərar həmin epizod üçün ən yaxşısı deyildi. Tribunadan baxaraq nəsə demək asandı. Amma oyunun içində hər şey tamamilə fərqlidi. Məqsədim ona ötürmə verməmək deyildi.

- Səfər qolu əhəmiyyətini itirdiyinə görə 1:1-dən sonra da şanslar bərabər olaraq qalır. "Neftçi"ni turnirdən kənarlaşdıra biləcəksiniz?
- "
Neftçi"ni turnirdən kənarlaşdıra biləcəyimk ya, yox növbəti oyunda görəcəyik. Amma şanslar 50/50-di. 

- Maraqlıdır ki, ölkə çempionatında "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldiyiniz oyunda da oxşar qolu vurmuşdun. Deyəsən, "Neftçi"nin müdafiəçiləri sənə mane ola bilmir...
Deməzdim ki, “Neftçi” müdafiəçiləri məni zərərsizləşdirə bilmir. Bunlar tribunaların atmosferindən də irəli gələrək, xüsusi oyunlardı. Belədə, oyunlar daha da gərgin alınır.

- “Sabah” avrokuboklara vəsiqə qazanmaq üçün ölkə kubokunu qazanmaq istəyir, yoxsa bunu ölkə çempionatında yüksək yerlərdən birini tutaraq etmək istəyirsiniz?
- Niyə də hər ikisindən olmasın? Biz hər oyuna qalib gəlmək üçün çıxırıq. Mövsüm sonunda harada olduğumuzu görəcəyik.

- Ölkə çempionatında “Qəbələ”yə qarşı oynayacaqsınız. Həmin oyundan sonra “Neftçi” ilə qarşılaşacaqsınız. Sıx qrafiki nəzərə alaraq, bütün oyunlarda qalib gəlmək şansınız nə qədərdi?
Biz artıq sezonun birinci yarısındakı komanda deyilik. Ən yaxşısını öyrənmək üçün öncə bir-birimizi tapmalı, prosesləri öyrənməli, güclü və zəif tərəflərimizi təhlil etməli idik. Bu özü də bir az vaxt apardı. Lakin getdikcə daha da yaxşılaşırıq. “Qəbələ” və “Neftçi” oyunlarında qalib gəlmək üçün çalışacağıq. Mən belə düşünürəm. Yoxsa, başqa iş görərdim.

Xəbər xətti