"Qarabağ"a gələn yeni futbolçulara qarşı oynadım, liqada onlardan da güclü oyunçular var"

18:45 - 2 Fevral 2022

"Keşlə"nin təcrübəli futbolçusu Tərlan Quliyev Sportal.az saytına açıqlama verib. O, Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qarabağ”a qarşı keçirilən oyununu dəyərləndirib:

"Qarabağ"ın gücünə hamı bələddi. Komandamız xarakter göstərdi, gözəl mübarizə apardıq. Son dəqiqələrdə hətta hesabı da bərabərləşdirə bilərdik. Bu oyunun üzərində işləyib, bir az da artırsaq, inanıram ki, evdə “Qarabağ”a qalib gələ bilərik.

Kuboku saxlamaq üçün hamımız əlimizdən gələnini ən yaxşısını etməyə çalışacağıq. Hamımız bir nəfər kimi əziyyət çəkməliyik. Təkcə futbolçular yox, rəhbərlik, məşqçilər, həkimlərimiz, bir sözlə hamı. O zaman bəli, kuboku qoruyub-saxlamaq olar”.

Quliyevin fikrincə, cavab matçının sünii örtüklü meydanda keçirilməsi onlar üçün üstünlük deyil:

“Qarabağ” kimi komanda üçün sünii örtüklü meydan elə də önəm kəsb etmir. Düşünmürəm ki, bu, onlara problem yaratsın. "Qarabağ"ın heyətində zəif oyunçu yoxdu. Bu komandaya yeni gələn oyunçulara qarşı oynadım. Məncə, çempionatımızda onlardan da güclü oyunçular var” –deyə, Tərlan Quliyev fikirlərini yekunlaşdırıb.

Xəbər xətti