"İlk oyundakı qələbəyə görə yarımfinalda olduğumuzu düşünmürük" - MÜSAHİBƏ

11:29 - 3 Fevral 2022

“Qəbələ”nin yarımmüdafiəçisi İsnik Alimi Sportal.az saytına müsahibə verib. Ölkə kubokunun 1/4 final mərhələsinin “Sumqayıt”la ilk matçında komandasına qələbə qazandıran qolu vuran şimali makedoniyalı legioner “Qəbələ”nin yarımfinal şanslarını dəyərləndirib:

- “Qəbələ” “Sumqayıt”ı səfərdə məğlub etməyi bacardı. Oyun sizin üçün necə alındı?
- Bu görüş nə biz, nə də “Sumqayıt” üçün asan keçdi. Çünki fasilədən sonra ilk rəsmi oyunumuzu keçirirdik. Sezonun ikinci yarısına uğurlu başlamaq niyyətində idik. Bu mənada qalib gəlmək, fərdi və komanda olaraq da ən yaxşı formamızı yığmaq çox önəmli idi. Şadam ki, qələbə qazana bildik.

- Yeganə qolu penaltidən vurdun. “Qəbələ” formasında yerinə yetirdiyin penaltilər dəqiq olub. Maraqlıdı, necə alınır ki, belə rahatlıqla yerinə yetirirsən penaltiləri?
- Mən beləyəm, bunu dəyişə bilmərəm. Komanda yoldaşlarıma və personala penaltilərdə mənə inandıqlarına görə təşəkkür edirəm. Ümidvaram ki, daha çox qol vurub, komandama daha çox kömək edəcəm.

- Səfərdəki 1:0 hesablı qələbə “Qəbələ”nin yarımfinal şanslarını nə dərəcədə artırdı?
- Hələ heç nə bitməyib. Qarşıda bizim cavab oyunumuz var. Hansı ki, hər şey bu matçda dəyişə bilər. 1:0 minimum hesabdı. Ona görə də ilk oyundakı qələbədən sonra, artıq yarımfinalda olduğumuzu düşünmürük. Qəbələdə çətin oyun olacaq.

- Komandanızın növbəti 2 oyunu, ölkə çempionatında “Sabah”a, kubokda isə “Sumqayıt”a qarşıdı. Hər iki oyunu qalib başa vura bilərsiniz?
- Biz indi ancaq bərpa olunmağı düşünürük. Ardınca “Sabah” oyununa fokuslanacağıq. Həmin oyuna ən yaxşı şəkildə hazırlaşacağıq. Nəinki “Sabah”, biz meydana çıxırıqsa, mübarizə aparıb, rəqibin kimliyindən asılı olmayaraq qalib gəlmək istəyirik. Bu, komandanın mentalitetidi.

- Oyunun gedişində “Sumqayıt”ın hücumçusu Əli Qurbani sənə bir neçə dəfə “sus” işarəsini göstərirdi. Nəyə görə, o, belə edirdi?
- Matçın gedişində belə hallar olur, problem deyil. Artıq oyun başa çatıb və hər şey normaldı. Oyunun gedişində gərginlik olur, mübarizə aparırıq, ancaq matç bitdi və hər şey qaydasına düşür.

- “Qəbələ” hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Mövsüm sonuna kimi ən azından bu pillədə qalmağınız mümkündü?
- İndi qərarlaşdığımız yerdə qalmağımız üçün hər şeyi edəcəyik. Hər şey məşqlərdən başlayır. Burada da qalacağımıza inanıram. Biz artıq istənilən rəqibə qalib gələ biləcəyimizi göstərmişik. Lakin biz bir matç başa çatdıqdan sonra digərini düşünməliyik. Yalnız belə olan halda böyük mövsüm keçirə bilərik.

Xəbər xətti