Azərbaycanda uzun illər oynamış xorvatiyalıların sırasında Marko Şarliya da var. Dörd il “Bakı”nın qapısını qoruyan veteran qapıçı hazırda ölkəsinin “Dinamo”da məşqçilik edir. Zaqreb klubunun əvəzedici heyətində qapıçılarla işləyən məşqçi kimi fəaliyyət göstərən Şarliya Sportal.az saytına müsahibə verib. O, həm Azərbaycandakı xatirələrindən danışıb, həm də “Dinamo”nun yeni transferi Mahir Emreli barədə fikirlərini bizimlə bölüşüb.
- İşlərin necə gedir?
- Futbolçu karyeramı Xorvatiyada başa vurdum. Daha sonra qapıçı məşqçiliyini oxudum və ən yaxşı lisenziyaya sahib çıxdım. Dörd ildir ki, “Dinamo”(Zaqreb) klubunun 2-ci komandasında çalışıram. Hər şey əladı.
- Azərbaycan çempionatını izləyirsən? Son vaxtlar Azərbaycan futbolu haqda bilgin hansı olub?
- Azərbaycan futboluna hərdən-bir baxıram. Daha çox milli komandanın oyunlarına baxıram. Orada oynadığım dövrdə Bakıda yaşamaq, oynamaq çox xoş idi. Çox yaxşı stadionlar, yaxşı fanatlar var idi, hər komandada çox sayda legioner oynayırdı. Mənim üçün çox yaxşı anlar idi. Son vaxtlar görürəm ki, Azərbaycan futbolu daha yaxşı səviyyəyə çatıb, daha çox yerli oyunçular oynamağa başladı. Bu da futbolunuz üçün çox yaxşı haldı.
- “Bakı”nın hazırda fəaliyyət göstərməməsindən necə, xəbərdarsan?
- Əlbəttə ki, bilirəm “Bakı” artıq yoxdu. Hətta baza da sökülüb. Buna görə çox üzüldüm. Bu xəbəri eşidəndə çox özümü çox pis hiss etdim. Çətin idi özümə gəlməyim. Çünki orada çox yaxşı insanlar işləyirdi. Orada futbol üçün çox yaxşı şərait qurulmuşdu. Nə baş verdiyini bilmirəm. Amma təəssüf ki, belə oldu. Ümidvaram ki, imkan olarsa, “Bakı” yenidən klub olaraq fəaliyyətə başlayacaq.
- Vaxtilə Azərbaycana gəlişin necə alınmışdı, xatırlayırsan?
- Xorvatiyada olanda “Bakı”dan təklif gəldi. Qyoko Haciyevski baş məşqçi idi. Azərbaycanda futbolu da populyar deyildi, Xorvatiyada bu ölkəni çox da tanımırdılar. Amma oxuyurdum Azərbaycan haqda, dostum Ernad Skuliç orada oynayırdı. O, mənə dedi ki, hər şey əladı, şəhər gözəldi, çox yaxşı ölkədi. Mən də gəldim "Bakı" ilə müqavilə imzaladım. Öncələr çox çətin idi, çünki Azərbaycan dilini bilmirdim. Daha sonra bir az öyrənməyə başladım. Bundan sonra mənim üçün hər şey yaxşı oldu. Xalidu Sissoko kimi qapıçı var idi komandada. Əla rəqabətimiz olurdu. Kimin qapıda duracağı mübarizəsi gedirdi. Amma biz indi də onunla dostuq. Çox oyunları xatırlayıram. Daha çox Azərbaycan kubokunun finalında “Xəzər Lənkəran”a qalib gəldiyimiz oyunu daha yaxşı xatırlayıram.
- Sən oynadığın vaxtda “Bakı”nın maddi imkanları yüksək idi. Buna baxmayaraq, komanda heç vaxt avrokuboklarda qruplara vəsiqə qazana bilməmişdi. Bunu nə ilə əlaqələndirirsən?
- Əlbəttə ki, “Bakı” o zamanlar çox güclü idi. Doğrudu, avrokuboklarda qruplara qala bilməmişdik. “Bazel”, “Levski” kimi çox yaxşı komandalarla qarşılaşmışdıq. İstənilən halda meydanda ürəyimizi qoyurduq, ancaq alınmadı. İllər sonra “Qarabağ” qruplara düşməyə başladı. Bu çox yaxşı haldı.
- Azərbaycanda 4 il oynadın. Maraqlıdı, heç AFFA-dan sənə millimizdə oynamaq təklifi olmuşdu?
- 4 il oynamışam “Bakı”da. Düzü, Azərbaycan millisinin mənimlə maraqlandığını mətbuatdan oxuyurdum. Amma konkret mənə “Marko yerli pasport al, Azərbaycan millisinin qapısını qoruya bilərsən" deməmişdi. Əgər Azərbaycan millisindən təklif olsaydı, fikirləşərdim.
- Son illərdə Azərbaycan futbolunun hegemonu “Qarabağ”dı. “Bakı”da oynadığın vaxtlarda bu komandanın nə vaxtsa hegemonluq edəcəyini ehtimal edirdin?
- Mən orada olanda da “Qarabağ” güclü idi. Qurban Qurbanov kimi baş məşqçisi var idi komandanın. Həmişə orada çox güclü yerli oyunçuları oynayırdı. Həm də orada yaxşı pul var idi. Əgər, pul varsa, yaxşı legionerlər də dəvət etmək olar. Yaxşı işlər gördülər. Şadam ki, “Qarabağ” avrokuboklarda qruplara vəsiqə qazandılar. Həqiqətən də buna görə çox sevindim. Çünki onlar buna layiq idilər. İldən-ilə artırdılar və sonda qruplara düşdülər. Onları təbrik edirəm və uğurlar arzulayıram.
- Azərbaycandan danışdığın kimsə var?
- Sosial şəbəkə vasitəsilə bəzən danışıram. Amma elə də çox yox. Çünki hamının ailəsi, işləri var.
- Mahir Emrelinin “Dinamo”ya keçidini necə şərh edərdin?
- Mahirin “Legiya”da başına gələnlərdən xəbərim var. “Dinamo”da belə olacağını düşünmürəm. Çünki yaxşı fanatlar və onlar hər zaman komanda ilə birlikdədilər. Bu cür hadisələr Mahirin başına gəlməyəcək. O, daim futbol haqda düşünəcək. Zaqrebdə də yaşamaq yaxşıdı. Hər şey sakitdi, problem yoxdu. Bilirəm ki, özünü “Dinamo”da rahat hiss edəcək və uzun illər bu komanda üçün oynayacaq. Bundan əminəm.
- Sən özün də “Dinamo”da çıxış etmisən. Polşada “Legiya” fanatları ilə problem yaşayan Mahir “Dinamo”da eyni problemlə qarşılaşmaması üçün nə etməlidi?
- Bəli, “Dinamo”da oynamışam. Mahir nə edəcəyini yaxşı bilir. Hər məşqdə müqaviləyə və “Dinamo” formasına layiq olduğunu göstərməlidi. Bunu bütün ürəyilə etməlidi. Əsas heyət məsələsinə gəlincə, bəlkə 1 oyun əsas heyətdə oynadı, digər oyunda oynamadı, üçüncü matçda yarım saat oynayacaq. Bunlar hamısı normaldı. Çünki “Dinamo”da futbolçu çoxdu və seçim imkanı genişdi. Baş məşqçi də ən yaxşı oyunçunu seçməlidi. Qollar vurarsa, təbii ki, daha çox oynayacaq. Mahir gəncdi, 24 yaşı var və zaman var, əminəm ki, özünü ən yaxşı tərəfdən göstərəcək.
saytlarin hazirlanmasi