Kanada millisinin baş məşqçisi Azərbaycan yığması haqda: "1000-1500 dollarlıq braziliyalıların nə effekti olacaq?"

17:40 - 4 Fevral 2022

Futzal üzrə Kanadanın U-21 yığmasının baş məşqçisi Elnur Qəmbərov Sportal.az saytına açıqlama verib. O, Azərbaycan millisinin Avropa çempionatındakı çıxışını dəyərləndirib:

“Millinin zəif çıxışı, qrupda qalmağımız millinin sabiq oyunçusu kimi mənə də təsir etdi. Bizim qrupda 2 debütant var idi. Deyirlər ki, Qalo oynamadı, Rövşən xəstələndi. Doğrudu, Rövşən güclü qapıçıdı. Amma Emin Kürdov da gözəl dayandı, əla seyvləri var idi, onun səhvindən qol vurulmadı. Qalo nə Falkaodu, nə Rikardinyodu ki, oyunun müqəddəratını tək həll etsin oyunu. 

Azərbaycanlı uşaqlar az oynayır. Kaka mənimlə birlikdə oynayıb. O, Qazaxıstanın Sloveniya ilə oyunundan qabaq xəstələnmişdi, yox idi. Sual yaranır, əgər Alesio xəstələnsəydi baş məşqçi kim olacaqdı, kim aparacaqdı oyunu?

Aftandil Asatianin yanında, 3-cü məşqçi də var. O, “Ekol”da işləyirdi Azərbaycanda. “Ekol”un nə qədər oyunçusu var idi millidə. Roninyo “Xəzər Adaların”da oynayıb. Gürcülər oynayır, oyun göstərirlər. Gürcüstanın heyətində gürcülər oynayır, Finlandiyada finlər, Ukraynada ukraynalılar oynayır.

Gətirəndə də güclü braziliyalılar gətirəsən. 1000-1500 dollarlıq braziliyalıların nə effekti olacaq? İsa Atayev oynadı, Ramiz Çovdarov ötürməsi, Emin Kürdov əla dayandı. Göstərirlər ki, onlar da oynaya bilir. Sadəcə həmişəki kimi inam yoxdu. Vaxtilə mənə məşqçi kimi inanmadılar. “Xəzər Adaları”nın baş məşqçisi idim. Həm millinin, həm də “Araz”ın baş məşqçisi Tino Peres idi. Özümü tərifləmirəm. Biz də göstərdik ki, necə udduq onları. Neçə tur qalmış çempion olduq. İndi isə inkişaf yoxdu. Komandanın yaşı 30-dan çoxdu. Rövşən Hüseynli sabah zədə alsa, Emin Kürdov xəstələnsə, kim dayanacaq qapıda? İsa Atayev qırmızı aldı, Xətai Bağırovla, Ramiz Çovdarov zədələndi. Hansı azərbaycanlı bu dəqiqə Avropa oynaya bilər? Heç biri. Yoxdu yerli uşaq. Arxası ümumiyyətlə gəlmir, yoxdu”.

Qəmbərov, millinin çalışdırıcısı Joze Alesionu da tənqid edib: “Finlandiya millisi qrupdan çıxdı. Hansı ki, səhər işləyib, axşam məşq edirlər. Problemləri gizlətməyin yeri yoxdu. Futzal federasiyası 100 faiz onlara yaxşı şərait yaradıb. İşləyən və oynayan vaxtı da görmüşəm. Hər zaman millimizə yüksək səviyyədə şərait yaradılıb.

Alesio deyir ki, Avropa çempionatından qabaq gec yığışdıq. Gec yığışmazdın, tez yığışardın. İcazə vermirdilərsə, kişi kimi çıxıb deyərdin ki, yoxlama oyunu üçün komanda vermirlər, onda Avropa çempionatında nəticə istəməyin. Heç istəmirsən, danışmırsan, çətinliyə düşəndə danışırsan. İtaliyaya 0:7, Portuqaliyaya 1:8 uduzdu, qrupdan çıxa bilmədilər, “Araz” həvəskar yunanlara uduzur. Halbuki bizim vaxtımızda gəzə-gəzə 6-7 qol vururduq onlara. Sloveniya, Slovakiya, Bolqarıstan komandaları düşəndə, udurduq onları. Joze Alesio həmişə deyir ki, koronavirus imkan vermədi. Məgər, koronavirus tək bizdə idi?

​Zaur Axundov sənə imkan vermədi, yox dedi? Əgər, yox deyibsə çıx denən. Demir axı. Əminəm ki, Zaur Axundov da komandaya bütün şəraiti yaradıb. Hətta Niderlanda yaxın olan Belçika millisi ilə danışdılar, yoldaşlıq oyunu oynadılar. Hər 3 oyunu da uduzub getdilər. Uşaqlar gəlmir, inkişaf yoxdu. Yaxşı məşqçi olmuşam. İlin ən yaxşı məşqçisi seçilmişəm. Joze Alesio ölkədən qaçıb getmişdi, qaytardılar. Hansı xüsusiyyətinə görə?”.

Xəbər xətti